SİYASƏT


Sauli Niinistö: Radikalizm, populizm, islamofobiya və antisemitizm kimi hallar artmaqdadır

Strasburq, 24 yanvar, AZƏRTAC

Radikalizm, populizm, islamofobiya və antisemitizm kimi hallar artmaqdadır.

Bunu AŞPA-nın qış sessiyasında Azərbaycanın nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayevanın suallarına cavab olaraq Finlandiya Prezidenti Sauli Niinistö deyib.

Deputat Finlandiya Prezidentinə bu suallarla müraciət edib: “İslamofobiya və antisemitizm kimi təhlükəli tendensiyaların artması Avropanın bu günü və gələcəyi üçün ciddi narahatlıq doğurur. Nazirlər Komitəsinə rəhbərlik edən Finlandiyanın Prezidenti olaraq bu mənfi tendensiyalarla mübarizə, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun gücləndirilməsi kimi mövzular Sizin prioritetləriniz arasında varmı? İkinci sualım qaçqınlarla bağlıdır. Münaqişələr, müharibələr nəticəsində Avropa məkanında artan qaçqınlar problemi ilə bağlı Avropa ölkələrinin və qurumlarının fəaliyyətini yetərli sayırsınızmı? Sizcə, insanları öz evindən qaçqın salan səbəblərlə mübarizədə Avropa zəif rol oynamırmı? Sizcə, daha hansı addımlar atılmalıdır?”.

Finlandiya Prezidenti bildirib ki, həqiqətən də belə hallar artmaqdadır: “Bu məsələdə müxtəlif ölkələrdə vəziyyət oxşardır. Lakin bu məsələnin həllinin tapılması çox çətin missiyalardandır. Finlandiyada son 30 il bundan əvvələ nəzər salanda görürəm ki, bu gün vəziyyət çox yaxşıdır. Lakin əmin deyiləm ki, insanlar o vaxt olduğundan artıq razıdırlar. Populizmin yayılmasına səbəb insanların yaxşıya tez öyrəşmələri, getdikcə daha artıq tələbkar olmalarıdır. Üzləşdiyimiz yeni elementlərdən biri də sosial mediadır. Lakin mən bu məsələdə optimistəm. Çünki mən həqiqətin bərpa olacağına inanıram. Mən demokratiyaya inanıram. Çünki insanlar axırda doğrunu anlayırlar. Finlandiyada bu problem iki dəfə - 60-cı illərdə və son dəfə 10 il bundan qabaq özünü göstərib. Yaranan partiyanı biz populistlər adlandırmışdıq. Lakin onların fəaliyyəti bir gün dayandı və bu gün onlar, ümumiyyətlə, heç mövcud deyil. Lakin bu insanlara “siz tamamilə səhvsiniz” “siz danışmayın” deməyin lehinə deyiləm. Çünki bu, bizə qarşı tənqidləri daha da artıracaq".

Qaçqınlarla bağlı suala gəlincə, Prezident bildirib ki, bununla bağlı Avropa İttifaqının ümumi qərarları və yanaşması olmalıdır. Bu cür addımlar məsələyə daha çox töhfələr verə bilər. Hər bir ölkə öz qaydaları, öz istək və düşüncələri ilə bu məsələyə yanaşsa, bu, sadəcə xaosa səbəb ola bilər. Ümumi yanaşmaların həyata keçirilməsinə ehtiyac var.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.