REGİONLAR
Savadsızlıq və məlumatsızlıq insan alveri cinayətlərinə zəmin yaradan amillərdəndir
Masallı, 8 oktyabr, Bağır Əliyev, AZƏRTAC
İnsan alveri ilə bağlı cinayətlərin profilaktikasında ictimaiyyətin rolu böyükdür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir oktyabrın 8-də Masallı Dövlət Regional Kollecində “Polisə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan alveri cinayətlərinin profilaktikasında ictimaiyyətin rolu” mövzusunda keçirilən maarifləndirmə tədbirində səsləndirilib.
Tədbirdə çıxış edən Masallı Dövlət Kollecinin direktoru, “Tərəqqi” medallı Vidadi Nəzərov mövzunun aktuallığından, insan alveri və onun ağır nəticələri, bu dəhşətli bəla ilə mübarizə yolları barədə danışıb.
“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev çıxışında bildirib ki, savadsızlıq və məlumatsızlıq insan alveri cinayətlərinə zəmin yaradan amillərdəndir. Belə amilləri cəmiyyətin sosial faciəsi kimi də qəbul etmək olar. Bu baxımdan maarifləndirmə işi təhsil səviyyəsi ilə sıx bağlı olduğundan tədris proqramlarında hüquqi mövzulara diqqət artırılmalıdır.
İnsan alveri ilə mübarizədə ictimaiyyətlə əlaqənin gücləndirilməsini və bu istiqamətdə cinayətlərin qarşısını almaq üçün ictimai dəstəyin təmin edilməsini vacib sayan Ş.Əliyev maarifləndirici xarakterli profilaktik tədbirlərin keçirilməsinin bu işdə mühüm rol oynadığını vurğulayıb.
Qeyd olunub ki, belə tədbirlər şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli əməllərdən, sağlamlığa ziyan vuran, ictimai mənəviyyatın pozulmasına təsir edə biləcək, hüquqa zidd hərəkətlərdən qorunmaq işinə ictimaiyyətin dəstəyini təmin etmək imkanı yaradır.
Ş.Əliyev bildirib ki, insan alverinə təsir edən səbəblərdən biri də işsizlikdir. Bu mənada yeniyetmələrin əksər qrupu təklif edilən boş vədləri fikirləşmədən qəbul edir. Belə şəxslərin bədbin ovqatla yaşamaları, gələcəyə və özünə inanmamaları köləliyə məruz qalmalarına yol açır.
İctimai Birliyin sədri insanları xaricdə iş seçimləri edərkən ehtiyatlı olmağa, bu barədə müvafiq qurumları operativ məlumatlandırmağa çağırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.