DÜNYA


“Save the Children”: Hər dörd ispaniyalı uşaqdan biri amansız rəftara məruz qalıb

Madrid, 26 aprel, AZƏRTAC

“Save the Children” beynəlxalq qeyri-hökumət təşkilatının təqdim etdiyi hesabata görə, İspaniyada hər dörd uşaqdan biri özlərinin qanuni qəyyumları tərəfindən ya zorakılıqdan əziyyət çəkir, ya da buna məruz qalıb.

AZƏRTAC xəbər verir ki, Uşaqlarla Amansız Rəftara qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar başlamış tədqiqatlar şikayətlərin uşaqların ailələrdə məruz qaldıqları təcavüz aysberqinin yalnız görünən hissəsi olduğunu göstərir. Hesablamalara görə, qurbanların yalnız 10 faizi yardım üçün hakimiyyət orqanlarına, yaxud ixtisaslaşdırılmış birliklərə müraciət edirlər.

Beynəlxalq təşkilat rəsmi məlumatların olmamasından təəssüflənir. Bu səbəbdən QHT həddi-buluğa çatmayanlarla amansız rəftarın real miqyasını dəyərləndirməyə çalışıb. Bu rəqəmlər prokurorluq, müxtəlif nazirliklər tərəfindən təqdim edilən Avropa hesabatlarına əsaslanıb. Daxili İşlər Nazirliyinin son göstəricilərinə müvafiq olaraq, 2017-ci ildə həddi-buluğa çatmayanlara münasibətdə ailədə zorakılıqla bağlı 4875 hal qeydə alınıb. Prokurorluğun məlumatına görə, 1313 ittihama dair hökm çıxarılıb.

Lakin “Save the Children” təşkilatı bildirir ki, bu problemin miqyası daha genişdir. QHT-nin dəyərləndirməsinə görə, uşaqların 25 faizi ya fiziki, ya da psixoloji zorakılığın hər hansı təzahürünə məruz qalıblar. Bu hesablamalara görə, İspaniyada 2 milyonadək uşaq və yeniyetmə zorakılığın qurbanı olub.

Vətəndaşların 64,1 faizi hesab edir ki, həddi-buluğa çatmayanlara münasibətdə zorakılığın kökünün kəsilməsi barədə qanunun qəbul edilməsi aprelin 28-də seçkiləri keçiriləcək hökumət üçün prioritet məsələ olmalıdır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.