CƏMİYYƏT
Saxlanılan şəxslərdən külli miqdarda narkotik götürülüb
Bakı, 30 may, AZƏRTAC
Polis əməkdaşlarının narkotiklərlə mübarizə istiqamətində mayın 29-da keçirdikləri tədbirlər nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş xeyli sayda narkotik tərkibli bitkilər aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Cəmil Əliyev Gürgan qəsəbəsi ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Revolver” tipli tapança, 4 patron, həmçinin əlindəki paketdə 2,4 kiloqram marixuana aşkarlanaraq götürülüb. Onun əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunduğu da müəyyən edilib.
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Qıpçaq kənd sakini Pərviz Osmanlıdan 2 kiloqram 815 qram marixuana aşkar edilib.
Sabunçu Rayon Polis Şöbəsi 15-ci polis bölməsinin əməkdaşları tərəfindən Pirşağı qəsəbə sakini Habil Əminova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 çətənə kolu aşkarlanaraq götürülüb.
Əməliyyatlar zamanı götürülən maddi sübutlar ekspertizaya təqdim olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb.