SİYASƏT


Saxta “erməni soyqırımı” yoxsa növbəti "hüquq soyqırımı"?...

Bakı, 25 aprel, AZƏRTAC

Doğrudanmı “erməni soyqırımı” həqiqətdir? Tarixdə belə bir hadisə baş veribmi? Araşdırmalara əsaslanıb deyə bilərəm ki, belə bir məsələ siyasi riyakarlıqdır, bu, yalandır, uydurmadır. Ermənilərin və onların havadarlarının Türkiyəyə qarşı təzyiq və təhdid vasitəsidir. Bu cür saxta, qondarma olayı dünyaya bəyan etməklə həm qardaş ölkəni əsas məqsədindən–haqq-ədalətə yönələn siyasi mübarizəsindən çəkindirmək, beynəlxalq aləmdə baş verən haqsızlıqlar önündə susdurmaq, həm də erməni diasporunun, necə deyərlər könlünü xoş etməkdir.

Sonuncu fikrimi bir qədər də konkretləşdirmək istərdim. ABŞ prezidenti C.Bayden məlum qərəzli bəyanatı səsləndirməklə düşmən ölkənin diasporu qarşısında seçki kampaniyasında verdiyi vədə sadiqliyini nümayiş etdirib: ona maliyyə dəstəyi göstərilməsi, səs verilməsi müqabilində belə ədalətsiz, haqsız, tarixdə baş verməyən uydurma, qondarma hadisə mövzusunu gündəmə gətirib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.

Deputat bildirib: “Əslində təxribat xarakterli bu iftira dünyada hökm sürən ikili standartların, insan haqları üzərindən çalın-çarpaz xətt çəkilməsinin, demokratiyanın, beynəlxalq hüququn ancaq sözdə ifadə edilməsinin göstəricisidir. Əgər belə olmasaydı, ABŞ prezidenti heç bir tarixi fakta, dəlilə əsaslanmayan bu bəyanatı vermək əvəzinə, saxta soyqırımı araşdırmağa, erməni diasporunun canfəşanlığının həqiqətlə nə dərəcədə bağlı olmasını üzə çıxarmağa təşəbbüs göstərərdi. Eyni zamanda, C.Bayden Türkiyə iqtidarının Ermənistana həmin dövr hadisələrini araşdırmaq üçün dəfələrlə birgə komissiyanın yaradılması təklifini verdiyini, qarşı tərəfinin isə bundan yayındığı həqiqətini nəzərə alardı.

Bu qərəz, iftira illərdir ki, ermənilər tərəfindən siyasi alət kimi istifadə edilir, belə bir uydurma “soyqırımı faktının” dünya liderlərinin dilindən səsləndirilməsi üçün min bir oyundan çıxılır, hər cür şərəfsiz, ləyaqətsiz əmələ baş vurmaqdan belə çəkinilmir. ABŞ prezidentinin məsələyə dırnaqarası yanaşması isə yuxarıda vurğuladığım kimi, ikili standartlardan, erməni diaspor-lobbisinin təzyiq və təhdidindən irəli gəlir.

İkili standartlardan söz düşmüşkən, bir məqama xüsusi toxunmaq istərdim. Belə ki, ermənilərin “haqq işi” uğurunda mübarizəsinə daim dəstək verən ABŞ, Fransa və digər havadar dövlətlər insan haqlarının, beynəlxalq hüququn tərəfindədirlərsə, özlərini ədalət və demokratiya müdafiəçiləri hesab edirlərsə, niyə 30 ilə yaxın bir zaman ərzində Ermənistanın işğalçılıq siyasəti, qəsbkarlığı, vandallığı qarşısında ədalətli mövqe ortaya qoymayıblar? Nə üçün Xocalı soyqırımı barədə səslərini ucaltmayıblar, 44 günlük İkinci Qarabağ müharibəsində düşmən ölkəni beynəlxalq qanunlarla qadağan edilən silahlarla Gəncə, Bərdə, Tərtər və savaş bölgəsindən uzaq olan digər şəhər və kəndlərimizin onlarla sakinini qətlə yetirməsindən çəkindirməyiblər, bu cür insanlığa sığmayan faşist əməllərə siyasi qiymət vermək təşəbbüsü irəli sürməyiblər. Əslində, bunu o dövlətlərdən gözləmək də sadəlövhlük olardı. Çünki onlar tərəfindən bir dəfə də olsun belə, “24 aprel saxta soyqırımı” dövründə erməni faşistləri tərəfindən Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yaşayış məntəqələrində dəhşətli faciələr, əsl soyqırımı törədilməsi, 12 mindən çox türk-müsəlmanın öldürülməsi, hətta onların çoxunun meyitlərinin tapılmaması, 1988-ci ildə isə Ermənistanda yaşayan soydaşlarımızın deportasiya edilməsi faktları dilə gətirilməyib, erməni faşizm əməlləri susqunluqla qarşılanıb, laqeyd münasibət bəslənilib.

Deputat sonda bir məqama da toxunub. Bildirib ki, indiyədək heç bir beynəlxalq məhkəmə məkrli siyasətə yönləndirilən “erməni soyqırımı”nın tanınması barədə qərar qəbul etməyib. Bununla bərabər, bu “fakt” nə arxiv sənədləri ilə, nə kütləvi məzarlıqlarla, qətliamlarla təsdiqini tapmayıb. Amma, necə deyərlər, öz gözlərində tiri görməyib, özgələrdə qıl axtaran Ermənistanın havadarları olan supergüclər tərəfindən başqa xalqlara qarşı soyqırımı yaşadılıb. Məsələn, Türkiyəni “soyqırımı” törətməkdə ittiham edən ABŞ-ın Amerikanın yerli sakinləri olan hindulara qarşı törətdiyi faciələr tarixin ən qanlı səhifələri kimi hələ də unudulmayıb. Statistika digər dəhşətli faktları da unutmağa imkan verməyib: Bu dövlət Vyetnamda 4 milyon, Koreyada 3 milyon, Kamboca və Laosda 1 milyon, Əfqanıstanda 1,5 milyon, İraqda 1 milyon, Xirosima və Naqasakidə 350 min insanı qətlə yetirib.

İndi siz deyin, əlavə şərhə ehtiyac varmı?!.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.