İDMAN
Saypulla Absaidov: Mahaçqala toplanışı bizim üçün çox faydalı oldu
Bakı, 4 fevral, AZƏRTAC
Mövsümün ilk toplanışı hazırlığın bazası sayılır. Bu üzdən əsas diqqəti funksional hazırlığa yönəltmişdik. Ötən il dünya çempionu olan 3 dağıstanlı güləşçinin də yer aldığı yerli komanda ilə birgə toplanış keçmək bizim üçün çox vacib idi. Bu, öz gücümüzü görmək və rəqibi qiymətləndirmək üçün önəmliydi.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarda Mahaçqalada təlim-məşq toplanışında iştirak edən sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi Saypulla Absaidov deyib.
Mütəxəssis bildirib ki, nəyin üzərində necə işləməli olduğumuzu bu toplanış sayəsində təhlil edə bildik. Çatışmayan cəhətlərimizi gördük. Orada yüklənmə fonunda hazırlıq keçdik. Fiziki hazırlıq və sürət üzərində işlədik. Qısası, Mahaçqala toplanışı bizim üçün çox faydalı oldu.
“Hazırda komanda tam ideal formada deyil. Onsuz da bizə indiki vaxtda pik formada olmaq lazım deyil. Əsas odur ki, Avropa çempionatınadək hazırlığımızın zirvəsinə çataq. İranda “Təxti kuboku”nda layiqli mübarizə izləyəcəyimizi düşünürəm. İki çəkidə problemimiz var. 57 və 125 kiloqram çəki dərəcəsində çıxış edən güləşçilərimiz zədəlidir. “Təxti kuboku”ndan sonra intensiv hazırlıq mərhələsinə start verəcəyik. Növbəti təlim-məşq toplanışını Kislovodskda keçəcəyik. Bu toplanışda da ağır yükləmələr – fiziki və funksional hazırlıq, sürət üzərində çalışmalar prioritet təşkil edəcək. Ondan sonra son hazırlığımızı keçib, Avropa çempionatına yollanacağıq. Qitə birinciliyinə “1 nömrələr”lə qatılmağı planlaşdırırıq. Çünki bu yarış ikinci Avropa Oyunlarına vəsiqə verəcək”, - deyə Saypulla Absaidov əlavə edib.
Qeyd edək ki, yığmamız hazırda məşqləri Olimpiya Güləş Mərkəzində davam etdirir. Millimiz bir neçə gündən sonra 2019-cu ildə ilk sınağını İranda keçiriləcək “Təxti kuboku” ilə verəcək.