CƏMİYYƏT


Saytlarda elan yerləşdirərək vətəndaşları aldadan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

Bakı, 29 iyul, AZƏRTAC

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Neftçala rayon sakinləri, 26 yaşlı Orxan İskəndərov və 37 yaşlı Elmar Fərəcov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, ilkin dindirmə zamanı saxlanılan şəxslər vətəndaşlara qarşı dələduzluq etdiklərini etiraf ediblər.

Saxlanılan şəxslərlə bağlı aparılmış tədbirlər nəticəsində məlum olub ki, onlar avtomobil elanları saytlarında “VAZ” markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobillərin dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdiriblər.

Sonra isə onlara zəng edən alıcılarla satış qiyməti barədə razılığa gəldikdən sonra alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edib, zərərçəkmişlərə özlərinə məxsus bank hesab nömrəsi təqdim ediblər.

Alıcılar tərəfindən beh göndərildikdən sonra isə qabaqcadan əlbir olan tanışlar zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyiblər.

Faktlarla bağlı hər iki şəxs barəsində Ucar Rayon Polis Şöbəsində cinayət işi açılıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları Orxan İskəndərovun və Elmar Fərəcovun digər oxşar cinayətlərdə iştirakını da istisna etmir.

Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in 102 - Zəng Mərkəzinə, həmçinin Ucar Rayon Polis Şöbəsinə və ya şəhər telefonlarından 02021-3-00-53 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.