ELM VƏ TƏHSİL
Saytların dili ilə bağlı aparılmış monitorinqin nəticələri açıqlanıb
Bakı, 18 yanvar, AZƏRTAC
Xalqın milli sərvəti, onun qan yaddaşı və varlığının təzahürü olan dil həm də milli dövlətçiliyin rəmzi olduğu üçün onun inkişaf etdirilməsi, qayda və normalarının qorunması hər bir vətəndaşın borcudur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda keçirilən “dəyirmi masa”da səsləndirilib.
Tədbirdə dilçi alimlər və sayt rəhbərləri ölkə saytlarının dili ilə bağlı aparılmış monitorinqin nəticələrini müzakirə ediblər. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda ana dilimizin dövlət dili kimi inkişafı, ədəbi dil normalarına əməl olunması üçün ciddi vəzifələr müəyyənləşdirilib. Dil nöqsanlarının aradan qaldırılması istiqamətində müxtəlif məsələlərlə yanaşı, KİV-də və elektron mediada dil normalarının pozulmasının qarşısının alınması, ədəbi dilin düzgün tətbiqi, əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi bu vəzifələr sırasına daxildir.
İnstitut direktorunun müavini, dosent Baba Məhərrəmli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açıb. B.Məhərrəmli bu proqramın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını, mövcud vəziyyəti öyrənmək üçün institut əməkdaşlarının bir neçə istiqamətdə monitorinqlər apardığını bildirib.
İnstitutun monitorinq şöbəsinin müdiri, dosent Sevinc Əliyeva isə dilin tətbiqi ilə bağlı müxtəlif istiqamətlərdə mütəmadi monitorinqlərin keçirildiyini, eləcə də Bakıda küçə adları, afişa və reklam lövhələrinin dil xüsusiyyətləri üzərində müşahidələr aparıldığını deyib.
Sonra institutun aparıcı elmi işçisi, dosent Şahlar Məmmədov müşahidə olunan dil qüsurları ilə bağlı “Qaynar xətt”ə daxil olan müraciətlər barədə məlumat verib. Qeyd edilib ki, bu gün əksər saytlarda dil normaları pozulur, əlifbamızda olmayan hərflər yazı prosesində müşahidə edilir. “Sevindirici haldır ki, ildən-ilə saytlarda dil qüsurları aradan qaldırılır. İndi ciddi saytlarda orfoqrafik səhvlərə yol verilmir. Üslub səhvləri isə üstünlük təşkil edir. Mürəkkəb cümlə tiplərində səhvlərə daha çox yol verilir. Bir çox saytlarda “və” bağlayıcısı cümlənin əvvəlində işlədilir. Əsasən mürəkkəb cümlələrdə qrammatik normalara əməl olunmur”, - deyə Ş.Məmmədov bildirib. Vurğulanıb ki, əsas etibarilə AZƏRTAC və APA informasiya agentliklərində ədəbi dil qaydalarına riayət olunur.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.