MƏDƏNİYYƏT
Sazın-sözün zirvəsində dayanan şair
Bakı, 17 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Sazlı-sözlü Borçalı” məclisi ilə birgə “Zəlimxan dünyası” adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir müasir Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən və özünəməxsus yeri, poetik nəfəsi olan Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığına həsr edilib.
Tədbirdə şairin ömür yolu və yaradıcılığından, Azərbaycan ədəbiyyatının zənginləşməsindəki xidmətlərindən danışılıb. Bildirilib ki, Z.Yaqub təkcə Azərbaycanda və Gürcüstanda deyil, bütün türk dünyasında sevilən böyük şair idi.
Çıxışlarda Z.Yaqubun Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin inkişafındakı xidmətləri xüsusi vurğulanıb. Ölməz şairin xatirəsinin qəlblərdə daim yaşayacağı qeyd olunub. Bildirilib ki, Zəlimxan Yaqubun yaratdığı əsərlər dövlət tərəfindən də daim yüksək qiymətləndirilib.
Qeyd edilib ki, tədbirin məqsədi böyüməkdə olan gənc nəslə Z.Yaqubun şairliyi ilə yanaşı, həm də gözəl natiq, sazın-sözün zirvəsində dayanan bir şair olmasını çatdırmaqdır.
Sonra şairin şeir və poemalarından parçalar söylənilib, aşıqların ifasında onun sözlərinə yazılmış mahnılar səsləndirilib.