CƏMİYYƏT
“Sbornaya Baku” komandası Azərbaycanın Şən və Hazırcavablar Klubunun tarixində bir ilkə imza atıb
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycanın Şən və Hazırcavablar Klubunun (ŞHK) “Sbornaya Baku” komandası bu günlərdə Rusiyanın Kalininqrad vilayətinin Svetloqorsk şəhərində keçirilən festivalda klubun tarixində ilk dəfə olaraq “Malıy KiViN v tyomnom” mükafatını qazanıb. Bu, “Qolosyaşşiy KiViN” Beynəlxalq Musiqi Festivalında ali mükafatlardan biridir.
AZƏRTAC xəbər verir ki, iyulun 29-da komandanın üzvləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilə görüşüblər.
Görüşdə bildirilib ki, bu uğur üç yaşını qeyd edəcək komanda üçün çox yaxşı göstəricidir. Festivalda 6 ölkədən 27 komanda iştirak edib. “Sbornaya Baku”nun uğuru “Qolosyaşşiy KiViN”də Azərbaycanın Şən və Hazırcavablar Klubunun tarixində də bir ilkdir.
Diqqətə çatdırılıb ki, ölkəmiz bu müsabiqədə artıq altıncı dəfədir iştirak edib. Azərbaycan bu festivalda 1995-ci və 1997-ci illərdə “Parni iz Baku”, 1996-cı ildə “Oqni Baku”, 2014-2016-cı illərdə “Sbornaya Baku” komandası ilə təmsil olunub.
Azərbaycan Şən və Hazırcavablar Klubu gənclər və idman naziri Azad Rəhimova, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevaya “Sbornaya Baku” komandasına hərtərəfli dəstəyə görə təşəkkür edib.