ELM VƏ TƏHSİL
“Scopus” bazasının elmmetrik indikatorları təhlil edilib
Bakı, 1 iyul, AZƏRTAC
Son zamanlar jurnalların qiymətləndirilməsi üçün müxtəlif göstəricilərdən istifadə olunur. Alimlərin əməyinin qiymətləndirilməsi də bu göstəricilər arasındadır. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxana Mərkəzində keçirilən növbəti elmi seminar “Scopus” bazasının elmmetrik indikatorlarının analizi” mövzusuna həsr olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin böyük elmi işçisi Nərmin Adıgözəlovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.
Məruzəçi istinad indeksi, impakt faktor, eigenfactor, H-indeksi anlayışları, onların yaranma tarixi haqqında məlumat verib.
Diqqətə çatdırılıb ki, bəzi jurnallar yalnız “Scopus” bazasında indeksləşir və onların tək keyfiyyət göstəriciləri SJR indikatorudur. Heterogen və çətin strukturlaşdırılmış istinad şəbəkələrində “PageRank” (veb-səhifələrin ranqlaşdırılması) metodundan istifadə olunur.