REGİONLAR


Səadət Əliyeva: Dövlət-xalq-ordu birliyinin təntənəsindən doğan Qələbə çox yaxındadır

Naxçıvan, 29 sentyabr, AZƏRTAC

Bu gün hər kəs əmindir ki, 30 ilə yaxındır mənfur düşmən tapdağında qalan torpaqlarımızın işğaldan azad ediləcəyi məqam artıq yetişib. Çünki qüdrətli ordumuzun uğurla apardığı əks-hücum əməliyyatı hər bir azərbaycanlıda Qələbə əhval-ruhiyyəsi yaradıb. Xalqımız böyük inam hissi ilə Qələbə bayramını, zəfər gününü qeyd etməyə hazırlaşır.

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva deyib.

O vurğulayıb ki, biz haqq işimizi müdafiə edirik. Biz öz torpaqlarımızı işğaldan azad etməklə o yurdda şəhid olmuş, qan tökmüş, əsir olmuş neçə-neçə igid, vətənpərvər oğullarımızın, qızlarımızın ruhunu şad etmək arzusundayıq. Biz nahaq tökülən qanların hesabını sormaq istəyirik. Bəli, öz müqəddəratını təyin etməyə qadir olmayan, xarici havadarlarının əlində oyuncağa çevrilən, böyük xülyalar arxasınca qaçan, əsl-nəsəbi olmayan, tarixini saxta tarixlə “bəzəyən” Ermənistan artıq anlamalıdır ki, bizim tarixi torpaqlarımızı sonsuzadək işğalda saxlaya bilməyəcək və erməni əsgəri ölkələrinə aid olmayan ərazilərimizdən rədd olub getməlidir!

Səadət Əliyeva bildirib ki, bu gün Azərbaycan xalqı ordu-xalq birliyinin ən mükəmməl nümunəsini göstərir. Xalq, Vətən, millət, dövlət birliyini layiqincə nümayiş etdirir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: “Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir”. Ona görə də inanırıq ki, birliyin təntənəsindən doğan qələbə çox yaxındadır. Əminik ki, tarixi ədalət bərqərar olacaq, ədalətli mövqedən çıxış edən hər bir ölkə bizim haqq işimiz dəstəkləyəcək.

“Biz fəxr edirik ki, ən çətin məqamda belə, xalqımıza dayaq olan Prezidentimiz, Ali Baş Komandanımız var, bizə qələbə sevincini yaşadacaq qüdrətli, rəşadətli ordumuz var! Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımız ötən üç gündə Vətən uğrunda döyüşə hazır olduğunu, Böyük Qələbəyə sonsuz inamını, Azərbaycan bayrağının Şuşada və işğaldan azad edilmiş digər Azərbaycan torpaqlarında dalğalanacağına qəti inamını ifadə etdi”, - deyən Səadət Əliyeva qeyd edib ki, dövlətimizin başçısı çıxışlarında Azərbaycanın işğal faktı ilə heç vaxt barışmayacağını və haqq işimizdə qətiyyət nümayiş etdirəcəyini dəfələrlə vurğulayıb. Ölkə rəhbəri inamla deyib: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!!!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.