SİYASƏT
Səadət Yusifova: Dövlətin xarici siyasəti ilə bağlı beyin mərkəzlərinin fəaliyyəti kompleks olmalıdır
Bakı, 28 sentyabr, AZƏRTAC
Düz 2 il əvvəl - 2020-ci ilin eyni günlərində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün bərpası yürüşünə başladı və Zəfər bayrağını Şuşa qalasına sancdı. Bu, Vətən müharibəsi kimi tarixə düşdü. Şanlı 44 gün dövlət, ordu və xalq birliyinin, milli ruhun təntənəsi oldu.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda deyib.
Dünyada ədalətsizlikdən və ikili standartlardan danışan Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan Prezidenti dəfələrlə BMT-nin Təhlükəsizlik Şurasının ölkəmizə qarşı ədalətsiz münasibətini qeyd edib. Biz bu münasibəti torpaqlarımızın 20 faizinin işğal altında qalması ilə gördük.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 48-ci Beynəlxalq Çernobbio Forumunda çıxış edərək qeyd edib ki, “Bizim siyasətimiz hər zaman beynəlxalq hüquq, ədalət, müdrikliyə əsaslanıb. Artıq 30 ildir ki, Azərbaycan müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün isə biz güclü olmalıyıq. Yeni qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətindir. Yalnız bir şey aydındır ki, dünya dəyişib. Yeni müstəqil dövlət kimi bizim üçün əsas məsələ özümüzü xarici amillərdən müdafiə etməkdir. Ona görə də yeni qlobal düzənin bizim regiona təsirləri bizim üçün önəmlidir.
Bildirilib ki, dövlətin xarici siyasəti ilə bağlı beyin mərkəzlərinin fəaliyyəti kompleks olmalıdır. Dünyada 11 min 175 beyin mərkəzi var. Azərbaycanda isə rəsmi olaraq 20 göstərilir. Amma fəal fəaliyyət göstərən 13 beyin mərkəzi mövcuddur. Mövcud qlobal problemlər fonunda ölkəmizdəki beyin mərkəzlərinin fəaliyyətinin fəallığının artırılmasına ehtiyac vardır”, - deyə Səadət Yusifova qeyd edib.
Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, aparılan genişmiqyaslı bərpa, quruculuq işləri, əhalinin qayıdışının təşkili, iqtisadi reinteqrasiya və digər fəaliyyətlərin hər biri elmi yanaşma, dərin strateji araşdırma və planlaşdırma beyin mərkəzlərinin iştirakını tələb edir.
Səadət Yusifova deyib: “Ümid edirik, beyin mərkəzləri ölkəmiz qarşısında duran müasir existensional məsələlərin həllinə yeni yanaşmalar təklif etməklə, ümumi dövlət quruculuğu işinə öz töhfəsini verəcək, “şəbəkə diplomatiyası”nda ölkəmizin maraqlarını daim müdafiə edəcəklər”.