MƏDƏNİYYƏT


Səadət axtarma həyat bir andır...

Tehran, 18 may, AZƏRTAC

Mayın 18-də (28 ordubehişt) İranda filosof şair, riyaziyyatçı, astronomiya elminin banilərindən olan Ömər Xəyyamın doğum günü qeyd edilir.

AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq kütləvi tədbirlərə icazə verilməsə də virtual olaraq konfrans və simpoziumlar keçirilib, şairin fəlsəfi fikirləri, şeirləri müzakirə mövzusu olub.

Qiyasəddin Əbdül Ömər ibn İbrahim Əl-Xəyyam 1039-cu ildə Xorasan vilayətinin Nişabur şəhərində dünyaya gəlib. Ömrünün böyük hissəsini Səmərqənddə Əbu Tahir adlı saray əyaninin himayəsində elmi araşdırmalarda keçirib. Xəyyam kəlməsi ərəb dilindən tərcümədə “çadır quran” deməkdir. Ehtimal edilir ki, Ömər Xəyyam İran ərazisində yaşayan Xəyyamilər qəbiləsinə mənsub olub. Elm tarixində önəmli yer tutan dahi şair ilk rəsədxananın yaradıcısı kimi tanınır. Ömər Xəyyam həm də bütün dövrlərin ən böyük riyaziyyatçılarından biri olmuşdur. "Riyazi problemlərin nümayişinə dair" traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz töhfələr verib. Bu əsərində Xəyyam üç dərəcəli tənliklərin həllini ilk dəfə həndəsi yolla – hiperbola ilə dairənin kəsişməsindən almışdır. Onun Günəş sisteminin heliosentrik nəzəriyyəsini Kopernikdən çox-çox əvvəl irəli sürməsi də bildirilir. Onun hazırladığı Cəlali təqvimi bu gün də bir sıra ölkələrdə tətbiq edilir. Ömər Xəyyam mindən çox rübai yazmış, lakin günümüzə sadəcə olaraq 158 rübaisi gəlib çatmışdır.

Ömər Xəyyam özünün fəlsəfi traktatlarında insanın yoxluqdan gəlib yoxluğa da qayıtdığını iddia edirdi. Filosof-şair iddia edirdi ki, insan şüuru sərhədsizdir, dünyanı və kainatı da aşır. Lakin bununla yanaşı varlığın (həyatın) bir müəmma olduğunu sübut etməyə çalışıb və bu müəmmanın araşdırılmasının mənasız olduğunu bildirib. Xəyyama görə insan şüuru varlığı anlamaq imkanına və qabiliyyətinə malik deyil. O öz rübailərindən birində yazırdı:

Səadət axtaram həyat bir andır

Hər toz Cəmşid şahdan, Keydən nişandır

Ömrün mahiyyəti, dünyanın halı

Röyadır, xəyaldır, ahdır, yalandır.

Yaşasan üç yüz il, beş yüz il, min il

Bu köhnə dünyadan gedəcəksən bil

İstər dilənçi ol, istərsə şah ol

Sonda qiyamət bir, iki cür deyil.

Ömər Xəyyamın rübailəri və elmi əsərləri Azərbaycan dili ilə yanaşı, bir çox dünya xalqlarının dilinə tərcümə edilib və sevilərək oxunub.

Xəyyam ailə həyatı qurmayıb və qapalı həyat tərzi keçirib. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi təqiblərindən həmişə qorxu içində yaşayıb. Vəfat edərkən "Ay Allah, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım Sənin qarşında xidmətimdir" deyərək gözlərini əbədi olaraq yumub. Səlcuq imperiyasının sarayında yaşamasına, Məlik şahin yanında böyük hörmət və nüfuz sahibi olmasına baxmayaraq, Ömər Xəyyam çox sadə həyat tərzi keçirib, var-dövlətə heç vaxt meyil etməyib. Yazılanlara görə o ömrünün son illərində bacısının Nişaburdakı kasıb evində yaşayıb və orada da dünyasını dəyişib.

Ömər Xəyyam yaxınlarına deyirmiş ki, "Qəbrim elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək". Doğrudan da, belə olub. Qonşu bağın armud və ərik ağaclarının qəbiristanlıq hasarından sallanan güllü-çiçəkli budaqları böyük mütəfəkkirin qəbrinə çətir olub.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.