CƏMİYYƏT
Səbail Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə uğurlardan və nöqsanlardan danışılıb
Bakı, 7 noyabr, AZƏRTAC
Səbail Rayon İcra Hakimiyyətində rayonun təsərrüfat xidmətləri, Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Mənzil-Kommunal İstismar sahələrinin, qəsəbə və ərazi nümayəndəliklərinin, bələdiyyələrin rəhbərlərinin iştirakı ilə müşavırə keçirilib.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, icra başçısı Eldar Əzizov dövlətimizin başçısı İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən son illər ərzində rayonda xeyli işlərin görüldüyünü və bir sıra layihələrin həyata keçirildiyini deyib. Bildirib ki, əsaslı təmir olunan və yenidən qurulan 162 və 239 nömrəli orta məktəblərin binaları Bilik Günü ərəfəsində istifadəyə verilib, ötən həftə 20-ci yaşayış sahəsində paytaxtımız üçün yeni olan müasir idman-istirahət parkının açılışı olub. Hazırda Bayılda 157 nömrəli uşaq bağçası sökülərək yenidən tikilir, bu ay Abbasqulu Abbaszadə küçəsində böyük bir məhəllənin əsaslı təmirinə başlanılacaq. Gələn il daha bir təhsil müəssisəsi əsaslı təmir olunacaq.
Bütün bu işlərin sakinlər tərəfindən böyük razılıqla qarşılandığını vurğulayan E.Əzizov qeyd edib ki, rayonda baş verən mənfi halların, o cümlədən qanunsuz torpaq zəbtinin və burada tikinti işlərinin aparılmasının qarşısı, demək olar, tam şəkildə alınıb.
İcra başçısı bildirib ki, bununla belə sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi işbazlar tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları da aşkarlanıb. Bakı Şəhər Prokurorluğunun apardığı araşdırmalarda bu işbazların saxta sənədlər əsasında torpaq satışına cəhd etmələri müəyyən olunub və hazırda araşdırmalar davam edir. Bu qanunsuz əməllərin icraçılarının adları məlumdur və yaxın günlərdə məlumat ictimaiyyətə çatdırılacaq.
Həmçinin müşavirədə rayonun aidiyyəti qurumlarına bu istiqamətdə işlərin və əraziyə nəzarətin gücləndirilməsi tapşırılıb, işində nöqsanlara yol vermiş vəzifəlı şəxslərə ciddi xəbərdarlıq olunub.
Müşavirədə, həmçinin ərazinin sanitar təmizliyi, payız-qış mövsümünə hazırlıq və s. məsələlər müzakirə edilib.