CƏMİYYƏT
Səbail məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkərana yola düşüblər
Bakı, 14 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə respublikamızın müxtəlif bölgələrinə təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Səbail rayonu üzrə təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən məktəblilər noyabrın 14-də Lənkəran-Masallı-Lerik-Astara marşrutu ilə yola düşüb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar rayon icra hakimiyyətinin binasında ümummilli lider Heydər Əliyevin büstü önünə tər güllər düzüb, Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Səbail rayonu 236 nömrəli məktəbin doqquzuncu sinif şagirdi Axundov Akif AZƏRTAC-a müsahibəsində deyib ki, bu tur aksiyada iştirak onun üçün çox sevindiricidir: “Biz səfərdə olarkən gördüyümüz maraqlı məlumatları öz sinif yoldaşlarımızla paylaşacağıq. Tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində mühüm amillərdən biri olacaq”.
Səbail rayonu 160 nömrəli klassik gimnaziyanın şagirdi Məhərrəmov Kamil sevincini belə ifadə edib: “Çox sevinirəm ki, Lənkəranı gəzməyə gedirik. Buranın tarixi və abidələri haqqında kitablarda oxumuşam. Tur-aksiya çərçivəsində isə bu diyarı öz gözlərimlə görə biləcəyəm. Biz şagirdlər üçün belə imkan yaratdığı üçün dövlətimizin başçısına təşəkkür edirəm”.
Səbail rayonu 239 nömrəli məktəbin şagirdi Abdullazadə Əminə bu layihədə iştirakından sevinclə danışıb: “Lənkəran Azərbaycanın ən gözəl yerlərindən biridir. Azərbaycanın tarixi, mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazandığım üçün çox sevinirəm”.
Daha sonra mərasim bədii hissə ilə davam edib.