CƏMİYYƏT
Səbail rayonu ərazisində baş verən yanğın 40 dəqiqə ərzində söndürülüb
Bakı, 14 iyul, AZƏRTAC
Aprelin 14-də paytaxtın Səbail rayonu ərazisində, Bülbül prospekti-3 ünvanında yerləşən binada baş verən yanğın barədə məlumat saat 14:32-də daxil olub. Yanğının söndürülməsi üçün dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri cəlb edilib. Alov 40 dəqiqə ərzində tamamilə söndürülüb.
AZƏRTAC xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov jurnalistlərə müsahibəsində deyib.
Qeyd edilib ki, hadisə yerinə ərazi üzrə Səbail və Nəsimi rayonlarının yanğından mühafizə hissələrinin yanğın bölmələri cəlb olunub. İlk yanğın bölməsi təxminən üç dəqiqə ərzində hadisə yerinə çatıb. Yanğın hazırda təmir işləri aparılan beşmərtəbəli binanın ikinci mərtəbəsində baş verib. Binanın mərtəbələri arasındakı örtüklər taxtadan olduğundan yanğın qısa müddətdə geniş əraziyə yayılaraq təxminən 240 kvadratmetr sahəni əhatə edib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun binanın digər mərtəbələrinə yayılmasının qarşısı vaxtında alınıb. Lakin tüstünün təsiri yaxınlıqdakı digər binalardakı mənzillərin sakinlərinə təhlükə yaratdığı üçün həmin şəxslər yanğınsöndürənlər tərəfindən təxliyə ediliblər.
Bildirilib ki, yanğın baş verən binada hazırda təmir işləri aparıldığından elektrik və qaz təsərrüfatı dayandırılıb. Hazırda Dövlət Yanğın Nəzarəti Xidməti yanğının başvermə səbəblərini araşdırır.