CƏMİYYƏT
Səbail rayonu ərazisində marketdən oğurluğa cəhd göstərən şəxslər saxlanılıblar
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu ərazisində - Ü.Hacıbəyov küçəsindəki marketlərin birində iki nəfər oğurluğa cəhd göstərib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluğa cəhdin qarşısı marketin işçiləri tərəfindən alınıb. Lakin həmin şəxslər bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu polis bölməsinə gətirilib.
Araşdırmalarla onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və M.Məmmədov olmaları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.