CƏMİYYƏT
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol sazişi imzalanıb.
AZƏRTAC xəbər verir ki, sazişi Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskas imzalayıblar.
İmzalanmadan öncə Səbail rayonunun Druskininkay şəhəri ilə tərəfdaşlıq əlaqələrinin qurulmasından məmnunluğunu ifadə edən Vüqar Zeynalov Azərbaycanın əldə etdiyi nailiyyətlər, beynəlxalq arenadakı mövqeyi, eləcə də Səbail rayonu haqqında qonaqlara ətraflı məlumat verib. Bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Azərbaycan dünyada müşahidə olunan qlobal siyasi və iqtisadi böhran fonunda gündən-günə inkişaf etməklə yanaşı, həm də bütün dünyada etibarlı tərəfdaş və sülhsevər ölkə kimi tanınır.
Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskas çıxış edərək Litva ilə Azərbaycan arasında birgə maraq doğuran müxtəlif sahələr üzrə qarşılıqlı hörmət və dəstəyə əsaslanan dostluq əlaqələrinin davam etdiyini deyib. Litva Respublikasının Druskininkay şəhər bələdiyyəsi ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti arasında imzalanmış əməkdaşlıq barədə protokolun ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcəyi qeyd olunub.
Litva Respublikasının ölkəmizdəki səfiri Eqidius Navikas Azərbaycan və Litva arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib. Ölkələrimiz arasında əməkdaşlığın inkişafında şəhərlərarası əlaqələrin vacibliyinə toxunan səfir Litva və Azərbaycanın 3 şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulduğunu bildirib.
Tədbirdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev çıxış edərək deyib: “Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib. Hazırda Azərbaycanın müstəqil xarici siyasəti Prezident İlham Əliyevin güclü şəxsiyyət kimi qəti iradəsi, dərin və strateji baxışı və düşünülmüş, çevik qərarları ilə həyata keçirilir”.
Sonda Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskasa xatirə hədiyyəsi təqdim edilib.