QAN YADDAŞI


Səbail rayonunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Bakı, 20 yanvar, AZƏRTAC

Bakı şəhəri, Səbail rayonu 6 nömrəli məktəb-liseyin müəllim-şagird kollektivi və YAP Səbail rayon təşkilatının üzvləri onlayn formatda keçirilən və 20 Yanvar faciəsinə həsr olunan anım tədbirində müstəqilliyimizin ilk səhidlərinin əbədi xatirəsini ehtiramla yad ediblər. Tədbirdə YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev, 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, rayon ictimaiyyətinin nümayəndələri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları, gənclər, məktəblilər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, anım tədbirində əvvəlcə dövlət himni səsləndirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

6 nömrəli məktəb-liseyin şagirdləri 1990-cı il 20 Yanvar faciəsinə, insanlığa qarşı cinayət olan bu dəhşətli qətliamın qurbanlarına və müstəqilliyimizin ilk şəhidlərinin xalqımızın qəlbindəki əbədiyaşar əziz xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiyanı onlayn formatda ifa ediblər. Məktəblilər qan yaddaşımıza həkk olunan və milli iradəmizin zəfər çaldığı 20 Yanvar qəhrəmanlıq gününə həsr edilən şeirlər səsləndiriblər, musiqi kompozisiyaları ifa ediblər. Həmçinin məktəb şagirdlərinin 20 Yanvar faciəsinə həsr edilən rəsmləri də nümayiş olunub. Məktəblilərin çıxışlarında xüsusilə qeyd edilib ki, 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin qisası alınıb, qəhrəman oğul və qızlarımızın ruhu şaddır. Çünki Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı bütün torpaqlarını işğaldan azad edib.

Sonra çıxış edən 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova yüksək vətənpərvərlik ruhunda formalaşan müasir Azərbaycan gənclərinin təlim-tərbiyəsi, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğı haqqında danışaraq bildirib ki, Vətən müharibəsində bütün dünya Azərbaycanda Vətəninə, dövlətinə, torpağına bağlı necə qəhrəman, döyüşkən və fədakar gənclərin formalaşdığının şahidi olub. Biz Prezidentimizlə, döyüş meydanında böyük şücaət, mərdlik, milli ruh nümayiş etdirən qəhrəman gənclərimiz, əsgər və zabitlərimiz, Ordumuzla qürur duyuruq. Bu gənc nəsli tərbiyə edən valideynlərimizlə, müəllimlərimizlə fəxr edirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətənimizi bütün dünya miqyasında tanıtdı və əminik ki, müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhadət zirvəsinə ucalan bütün şəhidlərimizin ruhu şaddır, çünki uzun illik həsrətə, nəhayət, son qoyuldu və Azərbaycan bayrağı bu gün bütöv, azad Azərbaycan üzərində vüqar və şərəflə dalğalanır.

YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev xalqımızın həyatında ən ağrılı və hüznlü, eyni zamanda, böyük qəhrəmanlıq, milli özünüdərk günlərindən biri olan 20 Yanvar faciəsinin tarixindən, Sovet imperiyası tərəfindən Bakıda Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli qətliamın səbəblərindən və tarixi ibrət dərslərindən danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı qədim və zəngin dövlətçilik ənənələrinə malik olan və genetik olaraq azadlığına, müstəqilliyinə bağlı mübariz xalqdır. Tarixin bütün dövrlərində müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqının azadlıq ruhunu heç bir qüvvə məhv edə bilmədi və 1918-ci ildə məhz Azərbaycanda müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. XX əsrin 80-90-cı illərində Sovet imperiyasının son nəfəsini yaşadığı dövrdə digər ittifaq respublikalarında olduğu kimi, Azərbaycanda da milli azadlıq hərəkatı geniş vüsət aldı və 1988-ci ildə əsl meydan hərəkatına çevrilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet qoşunu tərəfindən amansız qətliam törədildi, lakin böyük faciə olan bu hadisə qəhrəman Azərbaycan xalqının müstəqillik əzmini, milli iradəsini qıra bilmədi. Ş.Hacıyev vurğulayıb ki, o ağır günlərdə ulu öndər Heydər Əliyev Azərbaycan xalqının faciəsinə biganə qalmadı, rəhbər vəzifədən uzaqlaşdırılmasına, səhhətindəki problemlərə və ev dustaqlığında olmasına baxmayaq, 20 Yanvar faciəsinin səhəri günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi. Mətbuat nümayəndələri qarşısında cəsarətlə tarixi bəyanat verən Ümummilli Lider Azərbaycan xalqına qarşı bu qanlı cinayəti törədənləri, əli qana batmış qatil Qorbaçovu ifşa etdi və öz xalqına qarşı bu xəyanəti edən imperiyanın puç olmağa məhkum olduğunu bildirdi. 20 Yanvar faciəsinə siyasi qiymət verilməsində ulu öndər Heydər Əliyevin rolunu diqqətə çatdıran Ş.Hacıyev bildirib ki, 20 Yanvar gecəsi hər bir azərbaycanlı üçün müstəqilliyimizə aparan yolda qəhrəmanlıq dastanına çevrildi. Şəhidlərimizin əbədiyaşar xatirəsini daim əziz tutan Azərbaycan xalqı Birinci Qarabağ müharibəsində və 2020-ci ildəki Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla döyüşən igidlər yetişdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 30 il işğal altında olan torpaqlarımızı cəmi 44 gün ərzində mənfur düşmən tapdağından xilas etdi. Azərbaycan Vətən müharibəsinin qalibi oldu. Bu misilsiz nailiyyət və şanlı Qarabağ Zəfəri ölkəmizdə aparılan düzgün idarəetmə və gənclər siyasətinin nəticəsidir. Məhz bu siyasət və bütün şəhidlərimizin, qazilərimizin şücaəti, mətanəti, fədakarlığı nəticəsində bu gün Azərbaycan xalqı məğrur, qalib ölkənin vətəndaşlarıdır. Azərbaycan xalqı daim bütün şəhidlərimizin əbədi xatirəsini yaşadacaq və onların ruhları qarşısında dərin ehtiramlarını bildirəcək. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin.

YAP Səbail rayon “Qurucular” (Bakı Şəhər İcra Hakimiyyəti) ərazi ilk partiya təşkilatının sədri Elmin İmanov çıxışında qeyd edib ki, 1990-cı il 20 Yanvar faciəsi Azərbaycan xalqının yenilməzliyini, qəhrəmanlığını, heç bir əsarətə baş əyməyəcəyini sübut edən tarix salnaməsidir. Vətənini sevmək, müqəddəs torpaq üçün can verib fədakarlıq göstərmək üçün öz tarixi, qan yaddaşını yaxşı bilmək lazımdır. Məhz bu məqamda müəllimlərin gənc nəslin milli vətənpərvərlik ruhunda yetişdirilməsindəki əvəzsiz rolu və məsuliyyəti yaranır. E.İmanov bildirib ki, Vətən müharibəsi Azərbaycanın Vətənin hər qarış torpağı üçün son damla qanına qədər qəhrəmanlıqla döyüşən və canını fəda edən neçə-neçə igidlər formalaşdırdığını göstərdi. Bu xalq böyük qələbələrə layiqdir. Azərbaycanımızın gələcəyi çox parlaqdır və etibarlı əllərdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.