CƏMİYYƏT
Səbail rayonunda “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusu müzakirə olunub
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi (DQİDK) və Səbail Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-humanitar elmlər liseyində “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə Səbail RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Şahin Talıbov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Xalidə Rzayeva, 2 saylı Texniki-humanitar liseyin direktor müavini Kəmalə Abbasova, liseyin müəllim və şagirdləri, Azərbaycan Dövlət İqtisad Universitetinin dekan müavini Hafis Hacıyev, eləcə də universitetin tələbələri iştirak ediblər.
Tədbirdə mövzunun əhəmiyyətindən danışılıb. Qeyd edilib ki, məişət zorakılığının qarşısının alınması məqsədilə cəmiyyətin müxtəlif qrupları tərəfindən kompleks yanaşma tələb olunur. O da vurğulanıb ki, ailədaxili zorakılığın təsirindən ailənin digər üzvləri, o cümlədən uşaqlar da zərər çəkir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.