CƏMİYYƏT
Səbail rayonunda “Müasir Azərbaycan - gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirilib
Bakı, 22 dekabr, AZƏRTAC
Səbailli gənclərin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Müasir Azərbaycan - gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayonun bütün sahələrində çalışan gənclərin təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov qeyd edib ki, son illərdə ölkəmizdə qazanılan nailiyyətlərin əsası ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə qoyulub. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar əldə edilir. Dünyada həqiqi lider kimi tanınan Azərbaycan Prezidenti dövlətçilik maraqlarımızın qorunmasında, əhalinin rifahının yaxşılaşdırılmasında qəti və prinsipial mövqe nümayiş etdirir. Məhz buna görə də rayon gənclərinin fəallarının, müxtəlif təşkilatlarda çalışan və ali məktəblərdə təhsil alan gənclərin nümayəndələrinin təşəbbüsü ilə “Müasir Azərbaycan – gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirilməsinə qərar verilib. Bununla bağlı yaradılmış təşkilat komitəsinə rayon gəncləri tərəfindən Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif sahələrini əhatə edən 45 monoqrafiya təqdim olunub və tədbirdə bu məqalələr maraqla dinlənilib, müəlliflər iştirakçıların suallarını cavablandırıblar.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müasir Azərbaycanın tarixindəki rolu öz əhəmiyyəti ilə heç nə ilə müqayisə oluna bilməz. Ona görə, bu iki şəxsiyyətin siyasətini öyrənib təbliğ etmək vacib məsələdir. Bu gün Prezident İlham Əliyevin siyasi xətti hazırkı mürəkkəb dövrdə yeganə və alternativsiz siyasətdir, Azərbaycanın gələcək inkişafına və tərəqqisinə təminat verir.
“Dəyirmi masa”da iştirak edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və başqaları Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarına və perspektivlərinə həsr olunmuş məqalələrin əhəmiyyəti, gələcək nəslin tərbiyəsi və maarifləndirilməsi istiqamətindəki rolundan danışıblar.
“Dəyirmi masa”nın sonunda təşkilat komitəsi tərəfindən seçilmiş monoqrafiyaların işlənilərək kitab şəklində çap olunması qərara alınıb və Səbail gəncləri adından Azərbaycan gənclərinə bəyanat qəbul olunub.