CƏMİYYƏT
Səbail rayonunda Nəsiminin 650 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirilib
Bakı, 6 dekabr, AZƏRTAC
Səbail rayonunun Abbasqulu Abbaszadə küçəsində böyük mütəfəkkir-şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-xəbər verir ki, aksiyaya rayon rəhbərliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri qatılıblar. Tədbir çərçivəsində 1 hektar sahədə beş minə yaxın müxtəlif növ ağac əkilib.
Qeyd edək ki, bu il Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Bununla əlaqədar olaraq, Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi ili” elan edib. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.
Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu gün respublikamızda 650 min ağacın əkilməsi nəzərdə tutulur.