CƏMİYYƏT
Səbail rayonunda “Vətənin müdafiəsinə hazıram” mövzusunda hərbi-vətənpərvərlik tədbiri keçirilib
Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səbail Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda hərbi-vətənpərvərlik tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, Səbail rayonundakı 162 nömrəli orta məktəbdə keçirilən tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Xidmətin fəaliyyətinə həsr edilən slayd nümayiş olunub.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev gənclərin üzərinə məsuliyyətli vəzifənin düşdüyünü qeyd edərək, tarixin bütün mərhələlərində dövlətçiliyimizin qorunması, torpaqlarımızın düşmən tapdağından azad olunması, ərazi bütövlüyümüzün və müstəqilliyimizin qorunub saxlanılmasında onların əvəzsiz rolunu xüsusi vurğulayıb.
Xalqımızın həmişə sülhün, əmin-amanlığın tərəfdarı olduğunu vurğulayan Eldar Ağayev düşmənin təcavüzü nəticəsində torpaqlarının 20 faizi işğal edilən Azərbaycanın ərazi bütövlüyünün bərpasının ölkəmiz üçün bir nömrəli məsələ olduğunu deyib. Bildirib ki, bu gün regionun ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azad etməyə tam hazırdır. Ötən il aprel döyüşlərində Səbail rayonundan olan gənclərin də rəşadətlə döyüşdüklərini, iki gəncin yaralandığını vurğulayan E.Ağayev deyib: “Tarixə “dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi, qazanılan qələbə xalqımızın orduya olan inamını ikiqat artırdı”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik Rasim Şirinov çıxışında vətənpərvərlik hissinin yüksəldilməsi üçün Xidmət tərəfindən silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O, təmsil etdiyi qurum tərəfindən bütün rayonlarda gənclərin vətənpərvərlik tərbiyəsi və səfərbərliyə hazırlığı, çağırışçılarda vətənpərvərlik hissinin yüksəldilməsi ilə bağlı tədbirlərin keçirildiyini bildirib.
Şöbə rəisi Vətən uğrunda canlarını fəda edən oğulların heç vaxt unudulmayacağını bildirərək, bu gün ordu sıralarına göndərilən gənclərin əvvəlcə mütəxəssis hazırlığı məktəblərinə cəlb edildiklərini və artıq onların orduya gedərkən hazırlıqlı olduqlarını deyib.
Qarabağ müharıbəsində şəhid olmuş Etibar Əliyevin atası Allahverdi Əliyev və digərləri ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib, dövlətimizin başçısının Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışıblar.
Tədbirdə Xidmətin təsis etdiyi “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” mükafatlar məktəbin məzunu olmuş şəhid Etibar Əliyevin atası Allahverdi Əliyevə və Qarabağ müharibəsi veteranı İlham Əliyevə təqdim edilib.
Eləcə də çağırışaqədərki hazırlıq fənninin tədrisində və hərbi vətənpərvərlik işinin aparılmasında səmərəli fəaliyyətinə görə 162 nömrəli orta məktəbin hərbi rəhbəri Sərvan Şirinov, gənclərin çağırışaqədərki hazırlığı fənnində yüksək nailiyyətlərə görə həmin məktəbin X sinif şagirdi Əlizamin Quliyev mükafatlandırılıb.
Bədii hissədə vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və 162 nömrəli orta məktəbin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda proqramla çıxış ediblər.