CƏMİYYƏT
Səbail rayonunda ağacları qanunsuz olaraq kəsən və budayan şəxs cərimələnib
Bakı, 9 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Səbail rayonu, Azadlıq küçəsi 15 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin ünvana keçirilən baxış zamanı ərazidə 1 lüqustr ağacının kəsildiyi, 1 əncir ağacının qanunsuz budandığı və təbiətə 720 manat məbləğində ziyan dəydiyi məlum olub.
Araşdırma zamanı ağacların Vurğun Cəfərovun kəsdiyi və budadığı müəyyənləşib. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, fiziki şəxs qismində 2200 manat məbləğində cərimələnib.
Nazirlik yaşıllıqların mühafizəsinə qayğıkeş münasibət göstərdiklərinə və həyəcan təbili çaldıqlarına görə Səbail rayonu, Azadlıq küçəsi 15 ünvanında yaşayan sakinlərə dərin təşəkkürünü bildirir, ətraf mühitin qorunmasında göstərdiyi vətəndaşlıq mövqelərini yüksək qiymətləndirir.