CƏMİYYƏT


Səbail rayonunda gənclərin Azərbaycan Milli Tarix Muzeyinə ekskursiyası təşkil edilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənc nəslin milli tariximizi dərindən öyrənməsi və milli-mənəvi dəyərlərimizə hörmət ruhunda formalaşdırılması YAP Səbail rayon təşkilatının ideoloji fəaliyyətinin başlıca prioritetlərindəndir.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar tədbirlər planının icrasına başlayan rayon təşkilatı bu silsilədən olan ilk tədbirini keçirib. Sentyabrın 22-də YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə rayon gəncləri Azərbaycan Milli Tarix Muzeyini ziyarət ediblər. Tələbələrin, partiyanın fəal gənclərinin və rayonun idarə və təşkilatlarının əməkdaşlarının böyük maraqla iştirak etdiyi ekskursiya zamanı ziyarətçilərə binanın tarixi, eləcə də muzeydə toplanmış və nümayiş olunan Azərbaycan tarixinin bütün dövrlərinə aid ekspozisiyalar haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, bu gün muzeyin kitabxanasında, müxtəlif fondlarda Azərbaycan tarixini yaşadan 300 minədək maddi mədəniyyət nümunəsi, tariximizin müxtəlif dövrlərinə aid 80 mindən artıq nadir jurnal, kitab və qəzetlər toplanıb.

Ölkəmizin tarixi-mədəni irsinin qoruyucusu olan AMEA-nın Azərbaycan Milli Tarix Muzeyinə bu səpkili ekskursiyaların təşkili milli tariximizin gənclərimiz tərəfindən daha da dərindən öyrənilməsi, Azərbaycan gənclərinin milli şüur, özünüdərk, vətənpərvərlik hisslərinin gücləndirilməsi, xüsusilə də dövlət müstəqilliyimizin müqəddəsliyinin şüurlu şəkildə dərk edilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etməklə yanaşı, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərimizin qorunması üçün də böyük töhfədir.

Bu maarifləndirici ekskursiyada böyük maraqla iştirak edən gənclər ziyarətdən yüksək təəssüratlarla ayrılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.