CƏMİYYƏT
Səbail rayonunda keçirilmiş silsilə yarışların qalibləri mükafatlandırılıb
Bakı, 4 oktyabr, AZƏRTAC
Səbail rayon gənclər və idman idarəsi sentyabr ayı ərzində rayon ərazisində təşkil olunmuş bir sıra yarışların qaliblərini təltif edib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon İcra Hakimiyyətində keçirilən mükafatlandırma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, BŞGİBİ-nin rəisi Raqif Abbasov, Səbail rayon gənclər və idman idarəsinin rəisi Elşən Mirzəyev ötən ay rayonda keçirilən tədbirlərdə gənclərin yüksək fəallıq göstərdiklərini vurğulayıblar.
Tədbirdə bildirilib ki, Səbail rayonunda gənclərin vətəndaşlıq tərbiyəsi və cəmiyyətin həyatında fəal iştirakı, intellektual və yaradıcı gənclərin inkişafı üçün şəraitin yaradılması, gənclərin təşəbbüslərinin dəstəklənməsi, rayon ərazisində yaşayan və təhsil alan gənclərin fəallığının artırılması məsələlərinə, idmanın kütləviliyinə, gənclərin bədən tərbiyəsi və idmana cəlb olunmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə təşkil edilən tədbir, görüş, olimpiada, sərgi və idman yarışlarında 350-dən çox yeniyetmə və gənc iştirak edib.
Sonra “Nə? Harada? Nə zaman?” intellektual oyunu, bilik olimpiadası, şahmat və basketbol yarışlarının qalibləri mükafatlandırılıb.