CƏMİYYƏT
Səbail rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 30-da saat 15 radələrində 1999-cu il təvəllüdlü Əli Rəcəbzadənin bıçaq xəsarəti alması barədə məlumat daxil olub.
Səbail Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla 1988-ci il təvəllüdlü Hikmət Fərəcovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Əli Rəcəbzadəyə Səbail rayonu ərazisində yaşadığı evdə bıçaq zərbəsi vurub onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
Hikmət Fərəcov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.