CƏMİYYƏT
Səbail rayonunda velosiped oğrusu saxlanılıb VİDEO
Bakı, 28 sentyabr, AZƏRTAC
Paytaxtın Səbail rayonunda müxtəlif ticarət mərkəzlərinin və parkların qarşısında velosiped oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən zərərçəkən şəxslərdən daxil olan şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı həmin cinayətləri törətməkdə şübhəli bilinən Suraxanı rayon sakini Hüseyn Şahbazlı tutulub. O, ifadəsində Səbail rayonunun inzibati ərazisindən 10-a yaxın velosiped oğurladığını bildirib. Araşdırma zamanı Hüseyn Şahbazlının oğurladığı velosipedlərin bir neçəsini dəyər-dəyməzinə satdığı məlum olub. Velosipedlərdən bəziləri isə saxlanılan şəxsin yaşadığı ünvandan aşkar olunaraq maddi sübut kimi götürülüb.
Qeyd edək ki, saxlanılan zaman polis bölməsində Hüseyn Şahbazlının üzərində şəxsi axtarış aparılan zaman ondan heroin də aşkarlanıb.
Faktlarla bağlı saxlanılan şəxs barəsində 9-cu polis bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.