QAN YADDAŞI
Səbail rayonunda xocalılılarla görüş keçirilib
Bakı, 23 fevral, AZƏRTAC
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək rayonda məskunlaşmış ailələrin nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub və məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi-hüquqi qiymət verilib. E.Ağayev Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin Azərbaycanın işğal altında olan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən xocalılılar ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.
Sonda Səbail rayonunda məskunlaşmış Xocalı köçkünlərinə rayon icra hakimiyyəti tərəfindən maddi və ərzaq yardımları göstərilib.