CƏMİYYƏT
Səbail və Yasamal rayonlarında əməyin mühafizəsi ilə əlaqədar işəgötürənlərlə seminar keçirilib
Bakı, 1 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Səbail rayonunda işəgötürənlərin iştirakı ilə “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” və Yasamal rayonunda “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri”, “Pərakəndə ticarət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında seminarlar keçirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Səbail rayonunda keçirilən seminarda işçilər üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri, əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, habelə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydaları və s. diqqətə çatdırılıb.
Yasamal rayonunda təşkil olunan seminarda əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsi və s. ilə bağlı görülməli olan tədbirlər barədə işəgötürənlər məlumatlandırılıb. İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yalnız işçinin həyat və sağlamlığının qorunması baxımından deyil, əməyin səmərəliliyinin artırılması, keyfiyyətli məhsul istehsalı üçün də xüsusi önəm kəsb etdiyi bildirilib.
Seminarlarda qeyri-rəsmi məşğulluğun mənfi nəticələrindən bəhs edilib və onun işçi hüquqlarının pozulmasına səbəb olduğu göstərilib. Qeyd olunub ki, qeyri-formal məşğulluq qanunvericiliyin tələblərinə zidd olmaqla, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə mane olur və bu da qeyri-formal məşğulluq sektorunda çalışan işçilərin dövlətin sosial müdafiə sisteminə çıxış imkanından məhrum olması ilə nəticələnir.
Hər iki seminar zamanı işəgötürənlərin suallarına ətraflı cavablar verilib.