İDMAN


“Səbail”in baş məşqçisi: Futbolçularıma layiqli oyun münasibətilə təşəkkür edirəm

Bakı, 19 iyul, Nicat Məmmədov, AZƏRTAC

Bu gün möhtəşəm futbol gecəsi yaşadıq. Yenə bol qollu oyun izlədik. Hətta deyərdim ki, bu oyun daha maraqlı alındı. Rəqib daha keyfiyyətli oyunçulara, daha üstün büdcəyə sahibdir. Futbolçularıma layiqli oyun münasibətilə təşəkkür edirəm. Xırda səhvlərə yol verməsəydik, mərhələni keçən tərəf biz də ola bilərdik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Səbail” klubunun baş məşqçisi Aftandil Hacıyev Krayovada “Universitatea”ya 2:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən sonra təşkil olunmuş mətbuat konfransında səsləndirib.

O deyib: “Ötən heyətimizin 60 faizi dəyişib. Yeni oyunçuları hazırlığın sonlarında cəlb etdik. Yoxlama oyunlarında qol vura bilməməyimiz də buna görə idi. Gec komplektləşmə nəticəyə təsirini göstərdi. Stabil büdcəmiz var, bunun daxilində seleksiya aparırıq. Komandamızın güclənməyə ehtiyacı var. Daha yaxşı büdcəyə malik olsaq, gələcəkdə bundan da yaxşı nəticələr göstərə bilərik. Bu, bizim üçün böyük təcrübədir. Gələcəkdə daha münasib rəqiblər bizə düşsə, bu təcrübənin bəhrəsini görə bilərik”.

A.Hacıyev “Universitatea”nı stadion və azarkeşləri ilə birgə bəyəndiyini və gələn oyunlarında bu komandaya azarkeşlik edəcəyini vurğulayıb:

"Bu komanda daha böyüyünə layiqdir. İnanırıq ki, "Universitatea" qrup mərhələsinədək irəliləyəcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.