İDMAN
Sebastian Fettel: Bakıda podiumda yer almağım böyük əhəmiyyət kəsb edir
Bakı, 6 iyun, AZƏRTAC
Bakıda podiumda yer almağım böyük əhəmiyyət kəsb edir. Cari mövsüm çox çətin başlamışdı. Ancaq Azərbaycanda uğurla çıxış edərək mükafatçılar sırasında yer almağı bacardım.
AZƏRTAC xəbər verir ki, bunu Formula 1 Azərbaycan Qran-Prisində ikinci olan “Aston Martin” komandasının pilotu Sebastian Fettel deyib.
Almaniyalı pilot qeyd edib: “Komandamız belə bir nəticəni gözləyirdi. Yarışa uğurla start verdim. Elə başlanğıcda bir neçə rəqibi ötməyi bacardım. Yarış yenidən bərpa olunandan sonra daha iki rəqibimi üstələdim. Bu gün çox gözəl gündür. İkinci olduğum üçün özümü xoşbəxt hiss edirəm”.
Qeyd edək ki, Bakıda Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb. S.Peres Bakı şəhər halqasında 51 dövrəni hamıdan tez (1:44.703) başa vuraraq podyumda birinci pillənin sahibi olub. İkinci yeri “Aston Martin” komandasının almaniyalı sürücüsü Sebastian Fettel (1:45.138) qərarlaşıb. “AlphaTauri” komandasının fransalı sürücüsü Pyer Qasli (1:45.588) isə yarışı üçüncü sırada tamamlayıb.