REGİONLAR
Şəbəkə ustası: Şəkinin YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi bizi çox sevindirir VİDEO
Şəki, 2 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki şəhərinin YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi barədə qərar şəkili sənətkarlar tərəfindən böyük razılıq hissi ilə qarşılanıb.
YUNESKO-nun bu qərarını yüksək qiymətləndirən Şəkinin tanınmış şəbəkə ustası Soltan İsmayılov AZƏRTAC-a müsahibəsində deyib: “40 ildir ki, şəbəkə sənəti ilə məşğulam. Uzun müddətdir şəbəkə sənətinin yeni formaları, çalarları üzərində işləyirəm. Şəki tarixən öz sənətkarları ilə bütün dünyada tanınıb. Hazırda Şəkidə 18-dək qədim sənət növü yaşadılır, inkişaf etdirilir. Şəki şəhərinin YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi xəbəri bizi çox sevindirdi. YUNESKO-nun bu qərarı son illər ölkəmizdə mədəni irsin qorunması və dünyaya tanıdılması istiqamətində aparılan məqsədyönlü işin məntiqi nəticəsidir. Biz - Şəki sənətkarları bu qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, Soltan ustanın hazırladığı şəbəkə işlərinə Azərbaycanın hər bir guşəsində rast gəlmək mümkündür. Hələ sovetlər dönəmində onun əl işləri Efiopiya, Madaqaskar, Cənubi Koreya və digər ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilib.
Şəbəkə ustası hazırda Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən “Sənətkarlar evi”ndə bu qədim diyarın sənətkarlıq ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi işinə öz töhfəsini verməkdədir.