MƏDƏNİYYƏT


Səbinə Xasayeva: Vahid turizm məkanının yaradılması turistlərin Azərbaycana cəlb edilməsində əhəmiyyətli rol oynayacaq

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Daşkəsəndə rəsmi səfərdə olarkən “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal sahəsində olarkən Azərbaycan Dövlət Televiziyasına müsahibəsində qeyd etdi ki, belə səfərlərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə bağlı verilən tapşırıqlar yerində yoxlanılır. Dövlətimizin başçısı Azərbaycanın dinamik iqtisadi inkişafından danışaraq Daşkəsən rayonunun potensialını yüksək qiymətləndirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev qeyd etdi ki, İkinci Qarabağ müharibəsində Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi bu zonanın vahid turizm məkanına çevrilməsində böyük rol oynayacaq. Vahid turizm məkanının yaradılması həm turistlərin Azərbaycana cəlb edilməsində, həm də onların Vətən müharibəsində qazanılan Zəfər haqqında təəssüratlarının genişlənməsində, zənginləşməsində əhəmiyyətli rol oynayacaq.

“Prezident İlham Əliyev müsahibəsində Zəfərdən sonrakı vəziyyətlə bağlı fikirlərini də bildirdi. Bu fikirlər istər Ermənistana, istərsə də dünya dövlətlərinə Azərbaycanın xarici siyasətinin istiqamətləri ilə bağlı xəbərdar etdi. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırmasını düzgün olmadığını qeyd etdi: “Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik”. Dövlətimizin başçısı bir daha mesaj verdi ki, Azərbaycan qalib dövlətdir və öz ərazi bütövlüyünü bərpa edib. Zəngəzur isə Azərbaycanın tarixi torpağıdır”.

S.Xasayeva vurğulayıb ki, Vətən müharibəsindəki qələbəmizi şərtləndirən əsas amillər 2010-2020-ci illər ərzində aparılan düzgün və hədəflənmiş siyasət, diplomatiya sahəsində əldə olunan uğurlar, həmçinin ordu quruculuğundakı naliyyətlərdir: “Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdiyi yüksək səviyyəli beynəlxalq tribunalardan Azərbaycanın haqq səsini dünyaya çatdırmağa nail oldu. Dövlətimizin başçısı Ermənistanın işğalçı və qeyri-konstruktiv siyasətinə qarşı “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında (2019), MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən Zirvə görüşündə (2019), Münhen Təhlükəsizlik Konfransı (2020) və digər tədbirlərdə Ermənistanın iç üzünü açıb dünyaya göstərdi. Nəticədə, biz qələbəni Vətən müharibəsindən əvvəl diplomatiya sahəsində qazandıq. Vətən müharibəsində Zəfərindən sonra regionda yeni reallıq yaradan Azərbaycanın siyasi və iqtisadi qüdrəti daha da artacaq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.