SİYASƏT
Şəbnəm Həsənova: Elə zirvə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı onu qət edə bilməsin

Bakı, 21 mart, AZƏRTAC
Prezident İlham Əliyev istər ölkəmizdə baş tutan tədbirlərdəki çıxışlarında, istərsə də Azərbaycan xalqının milli maraqlarını prioritet kimi müəyyənləşdirərək çıxış etdiyi bütün beynəlxalq və nüfuzlu kürsülərdən hər zaman bildirirdi ki, xalqımız işğalla barışmayacaq, öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək və vaxt gələcək biz öz doğma, dədə-baba torpaqlarımıza geri dönəcəyik. Sözünün imzası qədər dəyəri olan dövlətimizin başçısı hər zaman olduğu kimi, öz xalqına verdiyi sözü tutdu və xalqının ümidlərini doğrultdu. Yürüdülən qətiyyətli, ardıcıl, hədəfə istiqamətlənmiş siyasətin nəticəsidir ki, biz bu gün Novruz təbrikini Şuşadan eşidir, Cıdır düzündə qalanmış ocağın istisinə qızınırıq. Şübhəsiz ki, bizi bu günlərə gətirən yol rahat yox, çətinliklərlə, sınaqlarla dolu olub.
Bu sözləri AZƏRTAC-a Politoloq Şəbnəm Həsənova deyib. O bildirib ki, bütün bu illər ərzində Prezident İlham Əliyev daxili və xarici siyasətinin əsas konturlarını o istiqamətdə formalaşdırdı ki, vətəndaş mərkəzli siyasətin nəticəsi Qarabağ zəfəri ilə yekunlaşdı. Azərbaycan həqiqətlərini usanmadan, yorulmadan, faktlarla beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırdı. “Nəyi, nə vaxt, necə etmək lazımdır, mən bilirəm” deyərək bütün prezidentliyi dövründə torpaqların azad edilməsini ən ümdə vəzifə olaraq gördü. İllər ərzində dövlətimizin başçısının hər bir qərarının, addımının arxasında bu məqsəd, bu hədəf dayanmışdı. Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni, humanitar inkişafını təmin etdi. Xalqımızı torpaqlarımızın azad edilməsi yolunda vahid amal uğrunda birləşdirdi, birliyimizi, həmrəyliyimizi təmin etdi. Eyni zamanda, xaricdən olan maneələri də ağılla, uzaqgörənliklə, soyuqqanlılıqla dəf etdi. İşğalın ilk günlərindən Vətən müharibəsinin son anına qədər bir çox dairələr Azərbaycana siyasi təzyiqlər və təhdidlər edirdilər. Bunlara baxmayaraq, Prezident İlham Əliyev bütün o maneələrin qarşısını düşünülmüş şəkildə, səbirlə, təmkinlə aldı.
28 il mənfur düşmən tərəfindən dağıdılan, məhv edilən Şuşa bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı, xalqımızın mübariz oğlu İlham Əliyev tərəfindən abadlaşdırılır, şəhərin dünyanın ən gözəl məkanı olması üçün addımlar atılır.
Şuşada qalanan tonqal Azərbaycan xalqını isidir, şəhidlərin ruhunu şad edir, eyni zamanda, düşmənə gözdağı verir. Düşmən və ona dəstək olmağa çalışan hər bir dairə bilməlidir ki, biz üçrəngli, ay-ulduzlu bayrağımızı bu torpaqlara əbədi olaraq sancmışıq və elə zirvə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı onu qət edə bilməsin.