CƏMİYYƏT


Səbuhi Hüseynov: Ermənistan ərazisində Azərbaycan xalqının çox zəngin mədəni-tarixi irsi hələ də qalmaqdadır

Bakı, 5 avqust, AZƏRTAC

Ermənistan ərazisində Azərbaycan xalqının çox zəngin mədəni-tarixi irsi hələ də qalmaqdadır. Təxmini hesablamalara görə, hazırda Ermənistanda azərbaycanlılara məxsus 3 mindən çox maddi mədəniyyət abidəsi mövcuddur. Bunlar Azərbaycan xalqına qarşı aparılmış qətllər, mədəni soyqırımı, etnik təmizləmə, deportasiya fonunda hələ də mövcud olan abidələrimizdir. Vaxtilə əhalisi azərbaycanlılardan ibarət olan bu bölgənin etnik tərkibi tarixin üç mərhələsində (1918-1920-ci illər, 1948-1953-cü illər, 1988-ci illər) süni şəkildə dəyişdirilib və bu gün Ermənistan yalnız ermənilərdən ibarət monoetnik dövlətə çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun baş mütəxəssisi Səbuhi Hüseynov söyləyib.

Tədqiqatçı qeyd edib: “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi" üzrə aparılmış araşdırma zamanı İrəvan şəhərində hələ də Azərbaycan xalqına aid böyük bir mədəni irsin mövcud olduğunu tədqiq etdik. Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı ilə bağlı ölkəmizin bir qrup elm xadimləri və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun baş direktoru Odri Azuleyə Azərbaycan irsinin məhv edilməsinin qarşısının alınması barədə müraciət ünvanlandı. Hazırda İrəvanda Azərbaycan xalqının mədəniyyətinin yeganə sübutu olan irs təkcə bu məhəllədir”.

S.Hüseynov qeyd edib ki, bu gün müasir Ermənistan ərazisində hələ də xaraba vəziyyətində olan 450-dən çox kənd mövcuddur. Bu kəndlərin hər biri böyük faciələrin şahidləridir. Bu səbəbdən hələ də indiki Ermənistanı “xaraba kəndlər diyarı” adlandırmaq olar. Həmin xarabalıqların isə bir səbəbkarı var - İrəvanın yerli əhalisi olan azərbaycanlılara qarşı düşmənçilik ideologiyası həyata keçirən ermənilər. Azərbaycan xalqına məxsus maddi, mədəni irsin məhv edilməsinin 100 ildən çox yaşı var. Bu müddət ərzində bu prosesi dayanmadan həyata keçirən ermənilər hələ də tam olaraq onun izlərini yox edə bilməyiblər. Bu, bir daha ərazinin əsl sahiblərinin azərbaycanlılar olduğunu sübut edir.

Onun sözlərinə görə, Ermənistan ərazisində qalan böyük mədəni mirasımızın erməni vandalları tərəfindən məhv edilməsi siyasətinin ifşası, bu həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işi bu günlərdə yaradılan Qərbi Azərbaycan İcmasının fəaliyyətinin prioritetlərindəndir.

“İcma ətrafında birləşən Qərbi Azərbaycandan qaçqın düşmüş insanlar, əslində, özləri bu tarixi hadisələrin informasiya daşıyıcıları və ən böyük sübutlarıdır. Bu baxımdan, İcmanın üzərinə böyük tarixi missiya düşür. Bu irsin öyrənilməsi, təbliği və onun məhv edilməsinin qarşısının alınmasında Qərbi Azərbaycan İcmasının rolunun böyük olacağına inanıram”, - deyə tədqiqatçı bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.