CƏMİYYƏT
Seçenov Universiteti yenidənhazırlanma proqramı üzrə təhsil üçün qəbul elan edir
Bakı, 4 fevral, AZƏRTAC
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialı aprelin 1-dən mayın 18-dək “Səhiyyənin təşkili, ictimai sağlamlıq və icbari tibi sığorta” proqramı üzrə təlim kursu keçirəcək.
Universitetdən AZƏRTAC-a verilən məlumata görə, kursun proqramında tibb müəssisələrinin fəaliyyətinin aktual məsələlərinə dair seminarlar, mühazirələr və dəyirmi masalar keçirilməsi nəzərdə tutulur.
Proqramın tədrisində Rusiya Federasiyası Səhiyyə Nazirliyinin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Səhiyyənin İdarə edilməsi Ali Məktəbinin və Dünya Səhiyyə Təşkilatının aparıcı mütəxəssisləri iştirak edəcəklər.
Kursun proqramını bitirənlərə yenidənhazırlanma təhsili keçmək haqqında sertifikat və Bakı Səhiyyə Mərkəzində təcrübə keçmək imkanı veriləcək.
Seçim müsabiqə əsasında aparılacaq. Yüksəkixtisaslı mütəxəssislər kursda pulsuz təhsil almağa iddia edə bilərlər.
Məşğələlər rus dilində aparılcaq. Sənədlər istirahət və bayram günləri istisna olmaqla hər gün saat 09:00-dan 17:00-dək bu ünvanda qəbul ediləcək: Bakı, Hüseyn Cavid prospekti, 139.
Sənədlərin qəbulunun son günü 4 mart saat 16:00-dək.
Zəruri sənədlərin siyahısı: ərizə; şəxsiyyət vəsiqəsinin surəti; ali təhsil haqqında diplomun surəti; alimlik dərəcəsi verilməsi haqqında diplomun (əgər varsa) surəti; əmək kitabçasının kadrlar şöbəsi tərəfindən təsdiq edilmiş surəti; kadrların uçotuna dair kadrlar şöbəsi tərəfindən təsdiq edilmiş şəxsi vərəqə; xasiyyətnamə; tərcümeyi-hal; peşə yenidənhazırlanma kurslarını, ixtisasartırma kurslarını və s. bitirmək haqqında sertifikatlar və diplomlar.
Əlavə məlumat almaq üçün (012) 599-08-10 nömrəli telefona zəng vura və ya [email protected] е-mail ünvanına yazılı şəkildə müraciət edə bilərsiniz.