CƏMİYYƏT
Seçenov Universitetinin Bakı filialının tələbələri Münxen xəstəxanasında təcrübə keçiblər
Bakı, 8 fevral, AZƏRTAC
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının III kurs tələbələri Cəmil Əfəndiyev, Fərrux Rəhmətzadə və Yunus Əliyev qış tətili dövründə Münxen Texniki Universitetinin (Almaniya) nəzdindəki “Klinikum rechts der Isar” xəstəxanasının urologiya bölməsində tibbi təcrübə keçiblər.
Universitetin Bakı filialının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tələbələr hər gün xəstəxananın səhər toplantısında iştirak ediblər. Bu toplantılarda radioloji və histoloji göstəricilərlə uroloji patologiyaları olan xəstələrin klinik vəziyyətlərinə baxılıb, həmçinin müalicə prosesinin planı, operativ müdaxilə, sonrakı mərhələdə radio və kimya terapiya müzakirə olunub.
Təcrübə zamanı tələbələr həkimin xəstə ilə sual-cavab prosesi ilə tanış olmaq, pasiyentlərin xəstəlik tarixçəsinin tərtibi, pasiyentlərin sidik yolu sisteminin ultrasəs müayinəsinin keçirilməsi, həmçinin radikal sistektomiya, radikal prostatektomiya, prostat vəzinin transuretral rezeksiyası və böyrək rezeksiyası ilə tanış olmaq imkanı əldə ediblər.
Prostatektomiyanın doktor Maurer tərəfindən “Da Vinçi” aparatının köməyi ilə robotlaşdırılmış əməliyyatını izləmək tələbələr üçün maraqlı bir təcrübə olub. Belə ki, robotu əməliyyat masasına söykəyib, 4 ətrafına laparoskopik alətlər və kamera ilə qarmaqlar keçiriblər. Sonra həkim Maurer idarəetmə pultunun arxasına keçib və buradan qarın boşluğunu geniş şəkildə görməklə, əlin şəhadət və baş barmaqlarının köməyi ilə alətləri idarə edib. Əlin və barmaqların hərəkəti alətlərin “izləri” ilə üst-üstə düşüb və robota ötürülüb.
Tələbələr, həmçinin xəstəxanada radioloq işləyən soydaşımız, nüvə tibbi mütəxəssisi doktor Kərimovun müşayiəti ilə radiologiya bölməsi ilə tanış olublar.
Sonda tələbələrə “Klinikum rechts der Isar” xəstəxanasının urologiya bölməsində təcrübə keçmələri haqqında sertifikatlar təqdim edilib.