İQTİSADİYYAT
Seçki dairələri və məntəqələri fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq
Bakı, 29 oktyabr, AZƏRTAC
Milli Məclisə seçkilər günü – noyabrın 1-də seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi təchizatının təmin olunması məqsədi ilə “Azərişıq” ASC-nin strukturuna daxil olan Rayon Enerji Təchizatı və Satışı idarələri (RETSİ) tərəfindən ərazilərində yerləşən seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün müvafiq texniki və təşkilati tədbirlər görülüb.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, dairə və məntəqə seçki komissiyalarının yerləşdiyi binalardakı elektrik qurğularının və avadanlığının, habelə enerji təchizatını həyata keçirən mənbələrin mövcud vəziyyəti təkrar yoxlanılıb. Aşkar olunmuş qüsur və nasazlıqlar qısa müddətdə aradan qaldırılıb, zəruri olan mal-materialların ehtiyatı yaradılıb, baş verə biləcək qəzaların operativ aradan qaldırılması üçün ciddi tədbirlər görülüb.
Seçkilər günü Səhmdar Cəmiyyətin Mərkəzi Aparatında, Texniki Departamentə tabe olan xidmət sahələrində və Avtonəqliyyat xidmətində, habelə bütün RETSİ-lər və ETSİ-lər üzrə növbətçilik təşkil olunacaq.
Yarana biləcək istənilən nasazlıq vəziyyəti ilə bağlı “Azərişıq” ASC-nin “199 - Qəza Xidməti”nə müraciət oluna bilər.