CƏMİYYƏT
Seçki hüququ ilə bağlı məlumatların artırılmasında ixtisaslaşdırılmış kursların böyük əhəmiyyəti var
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən, aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün ölkəni əhatə edən irimiqyaslı layihə çərçivəsində fevralın 20-də 16 saylı Yasamal ikinci seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir.
AZƏRTAC xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov ölkəmizdə dairə seçki komissiyalarının fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib. O deyib ki, dairə seçki komissiyası səsvermə prosesinin əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də Seçki Məcəlləsində, Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada, təlimata uyğun yüksək səviyyədə keçirilməsini təmin edəcək.
16 saylı Yasamal ikinci seçki dairəsinin sədri Sədaqət Seyidzadə deyib ki, məntəqə seçki komissiyaları üçün bu kursların böyük əhəmiyyəti var. Seçki dairəsi üzrə 29 məntəqə fəaliyyət göstərir.
Tədbirdə, həmçinin əvvəlki seçki treninqlərində əldə olunan təcrübə də müzakirə edilərək iştirakçılara lazımı tövsiyələr verilib.
Kursların ikinci günündə iştirakçılara seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutulan qanunvericilik sistemi və məsuliyyət növləri barədə ətraflı məlumat verilib.
Belə kurslar 15 saylı Yasamal birinci, 17 saylı Yasamal üçüncü seçki dairələri dairə seçki komissiyalarında da keçirilib. Məntəqə seçki komissiyalarının üzvlərinin və sədrlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, seçki hüququ ilə bağlı məlumatların artırılması baxımından kursların mühüm önəm kəsb etdiyi bildirilib.