CƏMİYYƏT
Seçki hüququ üzrə biliklərin artırılmasında ixtisaslaşdırılmış kurslar mühüm əhəmiyyət kəsb edir
Bakı, 20 fevral, AZƏRTAC
34 saylı Xətai ikinci seçki dairəsi dairə seçki komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir.
AZƏRTAC xəbər verir ki, ixtisaslaşdırılmış kursların ikinci günündə 34 saylı Xətai ikinci seçki dairəsi dairə seçki komissiyasında keçirilən təlim məşğələdə çıxış edən komissiyanın sədri Rafael Mehdiyev bildirib ki, bu kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə təşkil edilib.
Qeyd edilib ki, 34 saylı Xətai ikinci seçki dairəsində 36 məntəqə və 43 min 427 seçici var. Artıq hər bir seçici qeydiyyatdan keçib, məntəqə seçki komissiyaları təşkil olunub. “Maarifləndirmə kursları seçkilər zamanı hər hansı problemin yaranmasının qarşısını almaq məqsədilə təşkil edilib. Təlimlərdə Xətai rayon məhkəməsinin, rayon prokurorluğunun və polis idarəsinin, həmçinin Mərkəzi Seçki Komissiyasının nümayəndələri iştirak edirlər. İnanırıq ki, səsvermə prosesində heç bir problem olmayacaq və seçkilərin tam şəffaf keçirilməsini təmin edəcəyik”, - deyə komissiya sədri vurğulayıb.
Xətai rayon prokurorluğunun əməkdaşı Fəqan Mahmudov seçki hüquqpozmaları, seçki prosesinə müdaxilə zamanı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəza tədbirləri ilə bağlı iştirakçıları məlumatlandırıb.
Qeyd edək ki, bu cür kurslar 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 36 saylı Xətai dördüncü seçki dairələri dairə seçki komissiyalarında da keçirilib. Məntəqə seçki komissiyaları sədrlərinin və üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, seçki hüququ ilə bağlı biliklərin artırılması baxımından kursların əhəmiyyəti yüksək dəyərləndirilir.