SİYASƏT


Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb

Bakı, 18 yanvar, AZƏRTAC

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə ardıcıl və sistemli şəkildə genişmiqyaslı tədbirlər gerçəkləşdirilməkdədir.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Mərkəzi Seçki Komissiyası öz maarifləndirmə proqramı çərçivəsində yanvarın 18-dən növbəti layihəyə start verib. Paralel şəkildə eyni gündə Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəki və Masallıda keçirilən regional seminarlar Milli Məclisə seçkilərdə seçki hüququnun pozulması ilə bağlı müraciətlərə baxılmasına həsr olunub.

Ümumrespublika miqyaslı layihənin Bakı şəhərində “Park İnn” hotelində keçirilən tədbirində Mərkəzi Seçki Komissiyası nəzdindəki ekspert qrupunun üzvləri, Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, habelə region üzrə 32 seçki dairəsi dairə seçki komissiyasının müraciət və şikayətlərin araşdırılmasına məsul 96 eksperti iştirak edib.

Seminarda MSK üzvləri və Katibliyin əməkdaşları tərəfindən seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri, şikayətlərin araşdırılması prinsipləri, seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması və ekspert qruplarının fəaliyyətinin əsaslarına dair müxtəlif mövzularda çıxışlar dinlənilib, əyani vəsaitlərdən istifadə edilməklə keçirilən təqdimatlarda mövzularla bağlı ətraflı məlumat verilib.

Tədbirin sonunda seçki hüquqlarının pozulmasını iddia edən subyektlərin müraciətləri zamanı qarşıya çıxan məsələlər, şikayət və müraciətlərin xarakteri, ekspert qrupu üzvlərinin həyata keçirəcəyi tədbirlərin ardıcıllığı, qərarların qəbulu və tərtib olunması, eləcə də digər mühüm məsələlər əyani vəsaitlərlə ətraflı şəkildə izah edilib.

Seminarın praktiki hissəsində, həmçinin kazuslar üzrə müxtəlif şikayət və müraciət nümunələri nəzərdən keçirilib, aidiyyəti seçki komissiyalarının həmin şikayətlərə dair qərarlarının qəbul edilməsi məsələlərinə baxılıb, müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd etmək lazımdır ki, genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində gerçəkləşdirilən seminarlar Milli Məclisə seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılması, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.

Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəki və Masallıda təşkil olunan regional seminarlar ölkə üzrə ümumilikdə 125 seçki dairəsi dairə seçki komissiyalarının 375 ekspert qrupu üzvünü əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.