REGİONLAR
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
Şirvan, 15 noyabr, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının (MSK) təşəbbüsü və təşkilatçılığı ilə noyabrın 15-də Şirvanda növbəti regional seminar-müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusunda keçirilən tədbir dairə seçki komissiyalarının bu istiqamətdə məlumatının artırılması və işgüzar fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyıb.
Seminar-müşavirə MSK katibi Arifə Muxtarova, Ali Məhkəmənin hakimi Xəqani Məmmədov və Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşadət Ağayevin açılış nitqləri ilə başlayıb. Çıxışlarda layihənin vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Tədbirdə, həmçinin MSK, Ali Məhkəmə və Şirvan Apellyasiya Məhkəməsinin nümayəndələri tərəfindən “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, “Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” və “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında məruzələr oxunub.
Müvafiq məhkəmələrin təmsilçilərinin və region üzrə 27 seçki dairəsindən dairə seçki komissiyaları sədrlərinin qatıldığı seminar-müşavirə öz işini seçki mübahisələrinin həlli ilə bağlı müxtəlif məsələlər ətrafında müzakirələrlə davam etdirib.
Qeyd edək ki, sözügedən seminar-müşavirə MSK-nın maarifləndirmə proqramı çərçivəsində gerçəkləşdirilən genişmiqyaslı layihənin dördüncü tədbiridir və noyabrın 18-də Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulan seminar-müşavirə ilə bu layihəyə yekun vurulacaq.