SİYASƏT


Seçkilərin şəffaf keçirilməsində seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyəti böyükdür VİDEO

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 19-da 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış üçgünlük kurslar başlayıb.

AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Cahangir Məmmədov bildirib ki, bu kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə keçirilir. Kurslarda iştirakçılara qarşıdan gələn Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili ilə bağlı ətraflı məlumat verilir.

C.Məmmədov 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıq çərçivəsində həyata keçirilən maarifləndirmə proqramından danışıb. Diqqətə çatdırıb ki, prezident seçkiləri ərəfəsində maarifləndirmə sahəsində Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün seminarlar keçirilib. İndi isə bu seminarlar məntəqə seçki komissiyalarının sədrləri və dairə seçki komissiyasının üzvləri üçün təşkil edilir. Bu maarifləndirici seminarların və kursların prezident seçkilərinin şəffaf və qanunamüvafiq keçirilməsi üçün əhəmiyyəti böyükdür. Kurslarda prezident seçkilərinə hazırlığın gedişi haqqında məlumat verilir, Seçki Məcəlləsinin bəzi müddəaları şərh olunur.

Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatı şöbəsinin müdiri Coşqun Cəbrayılov kurslarda seçici siyahıları ilə iş qaydası və onun aparılması, seçkiqabağı təşviqatın təşkilinə şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması və bu istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu mövzusunda çıxış edib. O, yerli icra və bələdiyyə qurumlarının və digər təşkilatların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması məsələlərinə toxunub.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri mövzusunda məruzə ilə çıxış edib. O, iştirakçılara seçkilərin şəffaf, azad, ədalətli və qanun çərçivəsində keçirilməsi üçün seçki qanunvericiliyi ilə bağlı normalar, seçki hüquqlarının müdafiəsi və bu hüquqların pozulması ilə bağlı işlərə məhkəmələrdə baxılması qaydaları, aşağı seçki komissiyalarının təşkili, seçki məntəqələrinin yaradılması və fəaliyyəti, məntəqə seçki komissiyalarının vəzifələri, vahid seçicilər siyahısı, vətəndaşların məntəqələr üzrə seçici siyahlarına daxil edilməsi və digər məsələlər barədə ətraflı məlumat verib.

Dairə seçki komissiyasının sədri Cahangir Məmmədov seçici siyahıları ilə iş qaydası və seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, 38 min 782 seçicisi olan dairə seçki komissiyasının ərazisində 30 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Prezident seçkilərinə bir neçə gün qalmış əlavə BP şirkətinin platformalarında, müxtəlif xəstəxanalarda, iki hərbi hissədə olmaqla, ümumilikdə, 7-8 müvəqqəti məntəqənin yaradılması nəzərdə tutulur. Komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün məntəqələrdə hər cür şərait yaradılıb. Məntəqələr lazımi texniki avadanlıqla və məlumat kitabçaları ilə tam təchiz edilib. Şəffaflığın təmin olunması məqsədilə məntəqələrin 12-də veb-kameralar quraşdırılıb.

Qeyd olunub, kurslara seçki dairəsinin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu məntəqə seçki komissiyalarının sədrləri və üzvləri də cəlb olunublar.

Rayon icra hakimiyyəti başçısı aparatı şöbəsinin müdir müavini İsrafil Kərimov, Mərkəzi Seçki Komissiyasının üzvü Validə Kazımova və başqaları çıxış edərək prezident seçkilərinin tam demokratik şəraitdə keçirilməsi üçün komissiya üzvlərinin öz işlərinə məsuliyyətlə yanaşmasının önəmini qeyd edib. Bildirilib ki, qanunvericiliyə əsasən səsvermə prosesi ilə bağlı məlumatların ictimaiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə hər cür şərait yaradılacaq. Seçki komissiyalarının üzvləri yerli və xarici müşahidəçilərlə, mətbuat işçiləri ilə təlimata uyğun işləməyin qaydalarını dəqiq öyrənməlidirlər.

Fevralın 21-də başa çatacaq kurslarda prezident seçkilərinin keçirilməsi ilə bağlı aşağı seçki komissiyalarının vəzifələri, səsvermə günü görüləcək işlər, səsvermə prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquqları və fəaliyyəti məsələlərinə toxunulub, məntəqə seçki komissiyaları sədrlərinin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.