SİYASƏT


Seçkilərin şəffaf və qanun çərçivəsində keçirilməsində ixtisaslaşdırılmış kursların əhəmiyyəti böyükdür

Bakı, 25 avqust, AZƏRTAC

Avqustun 25-də 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edib.

AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Cahangir Məmmədov bildirib ki, bu kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində keçirilir.

C.Məmmədov 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında Milli Məclisə seçkilərlə bağlı hazırlıq işlərindən, qarşıdan gələn parlament seçkiləri ilə bağlı genişmiqyaslı maarifləndirmə proqramından danışıb. Diqqətə çatdırıb ki, parlament seçkiləri ərəfəsində maarifləndirmə sahəsində Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün seminarlar keçirilib. Artıq bu seminarlar aşağı komissiyalarda - məntəqə seçki komissiyalarının sədrləri və dairə seçki komissiyasının üzvləri üçün təşkil edilir. Bu maarifləndirici seminarların və kursların seçkilərin şəffaf və qanunamüvafiq keçirilməsi üçün əhəmiyyəti böyükdür.

Qeyd olunub ki, 38 min 673 seçicisi olan dairə seçki komissiyasının ərazisində 30 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Seçkilərə bir neçə gün qalmış əlavə müvəqqəti məntəqənin yaradılması nəzərdə tutulur. Komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün məntəqələrdə hər cür şərait yaradılır. Məntəqələr lazımi texniki zəruri avadanlıqla tam təchiz edilib. Şəffaflığın təmin olunması məqsədilə 12 məntəqədə veb-kamera quraşdırılıb.

Kurslarda seçici siyahıları ilə iş qaydası, seçkiqabağı təşviqatın təşkilinə şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması və bu istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu, seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri mövzularında təlimlər keçirilib. Yerli icra və bələdiyyə qurumlarının və digər təşkilatların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması məsələlərinə toxunulub.

Çıxış edənlər seçki prosesinin tam demokratik şəraitdə keçirilməsi üçün komissiya üzvlərinin öz işlərinə məsuliyyətlə yanaşmasından söz açıblar. Bildirilib ki, qanunvericiliyə əsasən seçki günü məntəqələrdə görülən işin, səsvermə prosesinin cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə qanunvericiliyə uyğun qaydada hər cür şərait yaradılacaq. Xüsusi vurğulanıb ki, seçki komissiyalarının üzvləri yerli və xarici müşahidəçilərlə, mətbuat işçiləri ilə təlimata uyğun işləməyin qaydalarını dəqiq öyrənməlidirlər.

29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının üzvü Yusif Cabbarov bildirib ki, kurslara seçki dairəsinin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu məntəqə seçki komissiyalarının sədrləri və üzvləri də cəlb olunublar. Dövlətimizin başçısının tapşırığı və tələbi odur ki, həmişə olduğu kimi builki seçkilər də yüksək şəffaflıq şəraitində keçsin. Biz də dövlətimizin başçısının etimadını doğrultmağa və tapşırığı lazımi səviyyədə yerinə yetirməyə çalışırıq. Builki parlament seçkilərinin də yüksək səviyyədə keçiriləcəyinə əminik.

Avqustun 26-da başa çatacaq kurslarda iştirakçılara qarşıdan gələn parlament seçkilərinə hazırlıq, seçici siyahılarının təkmilləşdirilməsi, toplanan imzaların dəqiq yoxlanılması, səsvermə günü görüləcək işlər, vəzifələrin qüsursuz icra olunması, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi və digər prosedurlarla bağlı məlumat verilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.