REGİONLAR
Sədaqət Qəhrəmanova: Narkomaniyaya qarşı təkcə dövlət yox, hər bir vətəndaş mübarizə aparmalıdır VİDEO

Lənkəran, 19 aprel, İ.Cəfərli, AZƏRTAC
Narkomaniya insanların həm səhhətinə, ailələrin dağılmasına, cəmiyyətimizin inkişafına təsir göstərir, həm də cinayətkarlığın artmasına səbəb olur. Ona görə bu istiqamətdə nə qədər tədbirlər keçirsək də, azdır. Ən vacibi də ondan ibarətdir ki, hər bir vətəndaş bu problemin qarşısını almaq üçün ümumi mübarizəyə qoşulmalıdır.
Bu sözləri Lənkəranda AZƏRTAC-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova söyləyib.
“Bu gün Lənkəranda keçirdiyimiz maarifləndirmə tədbirində əsasən gənclər, şagirdlər olmaqla, 500 nəfər iştirak etdi. Maarifləndirmə tədbirindən sonra gənclərin iştirakı ilə qaçış marafonunun keçirilməsi isə cəmiyyətə bir mesaj oldu. Yəni, gəlin, narkotikə birgə yox deyək! Narkomaniyaya qarşı təkcə dövlət yox, hər bir vətəndaş mübarizə aparmalıdır. Hər bir vətəndaş bu bəlanın qarşısını almaq üçün birinci ailəsindən başlamalı, övladlarına nəzarət etməlidir. Əsasən də gənclərə nəzarət olunmalıdır. Bu bəlanın qarşısını cəmiyyət olaraq ancaq birlikdə ala bilərik”, - deyə o bildirib.