SİYASƏT


Sədaqət Vəliyeva: 17 oktyabr nəinki Füzuli sakinlərinin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq

Bakı, 17 oktyabr, AZƏRTAC

Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əmri ilə 1994-cü il yanvarın 5-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilmişdi. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin oktyabr ayında Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad olundu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdi: “Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olub, 300 nəfərədək sakin yaralanıb. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində, həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilib. Bununla da Vətən həsrətinə son qoyulub. 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar, işğaldan azad olunmuş torpaqlarımızın inkişafı həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhunu da şad edəcək”.

Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini deyən Sədaqət Vəliyeva əlavə edib ki, 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilib: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25 min 167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.