SİYASƏT
Sədaqət Vəliyeva: 22-ci Dünya Neft Konqresi bir sıra mühüm məqamlarla yadda qaldı
Bakı, 11 iyul, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində keçirilən 22-ci Dünya Neft Konqresi bir sıra mühüm məqamlarla yadda qaldı.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
“Birincisi, Konqresdə edilən çıxışlardan, səsləndirilən fikirlərdən belə qənaət hasil oldu ki, bu gün dünyada Azərbaycanı neft və qazı hasil və ixrac edən etibarlı ölkə kimi tanıyırlar. İkincisi, ABŞ və Avropa ölkələri Azərbaycanla Türkiyənin birgə reallaşdırdıqları enerji layihələrinin rentabelli və etibarlı olmasına diqqət çəkdilər. Üçüncüsü, “Cənub Qaz Dəhlizi” layihəsi ilə Xəzər-Qara-Aralıq-Adriatik dənizi hövzələrini, eyni zamanda, Cənubi Qafqaz, Anadolu, Balkan və Appenin yarımadalarını, həmçinin 7 ölkəni birləşdirən Azərbaycan və Türkiyənin Avropanın yeni enerji təhlükəsizliyi xəritəsinin hazırlanmasındakı yeri və rolu da xüsusi qiymətləndirildi. Dördüncüsü, bu gün təxminən 3 trilyon kubmetr qaz ehtiyatlarına malik Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında yeni etibarlı mənbə olması faktı da öz təsdiqini tapdı. Beşincisi, neft və qaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi beynəlxalq platforma olan Konqresdə 100-dən çox ölkənin nümayəndəsi Azərbaycanın timsalında neft gəlirlərinin idarə olunmasının optimal modelini gördü. Altıncısı, bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının qlobal təhlükəsizliyə töhfə verən meqalayihələrin reallaşdırılmasında əvəzedilməz faktor olduğunu da aydın sezdi”,– deyə Sədaqət Vəliyeva bildirib.
Sədaqət Vəliyeva əlavə edib ki, İstanbulda Prezident İlham Əliyevin ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşü, ABŞ-ın Azərbaycana dəstəyinin bir daha vurğulanması, eyni zamanda, rəsmi Vaşinqtonun ölkəmizin qlobal və regional təhlükəsizliyə verdiyi töhfələri yüksək dəyərləndirməsi də xüsusi məqam kimi yadda qaldı.