SİYASƏT


Sədaqət Vəliyeva: Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır

Bakı, 23 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya kimi ölkələrin daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə görüşündə iştirak etməsi Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artdığını sübut edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ölkəmizin D-8 görüşündə təmsil olunması Azərbaycan-Türkiyə dostluq və qardaşlığına nümunə olmaqla yanaşı, dövlətimizin müsəlman dünyasında da rolunun, əhəmiyyətinin artdığını göstərir. Zəngin təbii sərvətlərə və sürətli inkişafa malik D-8 ölkələrinin qarşılıqlı ticarət dövriyyəsini 500 milyard dollara çatdırmaq niyyətində olan təşkilat üzvləri sıralarının genişləndirilməsini də prioritet kimi görməkdədirlər. Odur ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin IX zirvə görüşünə dəvət olunması təsadüfi deyildir.

“Hər kəs yaxşı bilir ki, Azərbaycan D-8 çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verə bilər. Birincisi, Azərbaycan dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparan və İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində konkret addımlar atan ölkədir. İkincisi, Azərbaycan son 13 il ərzində iqtisadiyyatını 3 dəfədən çox artıran, yoxsulluğun səviyyəsini 10 dəfə aşağı salan, savadlılığı 100 faizə yüksəldən, 2 milyona yaxın yeni iş yerləri açan, strateji valyuta ehtiyatları ölkənin ümumi daxili məhsuluna bərabər, xarici dövlət borcu isə ümumi daxili məhsulun 20 faizindən az olan bir dövlətdir. Üçüncüsü, Azərbaycan beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bu gün ölkəmiz tərəfdaşları ilə birlikdə dünyanın ən böyük infrastruktur layihələrini icra edir. Dördüncüsü, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirak edir” ,–deyən Sədaqət Vəliyeva əlavə edib. Onun sözlərinə görə, Azərbaycanın D-8 kimi iqtisadi əməkdaşlıq təşkilatına qoşulmaq imkanı kifayət qədər realdır və şübhə yoxdur ki, ölkəmizin gələcəkdə bu qurumun sıralarına daxil olması İslam dünyasında əməkdaşlığın genişlənməsinə yalnız fayda verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.